Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfəri çərçivəsində Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna baş çəkib.
“QİA.az”ın xəbərinə görə, o, pavilyonda əsaslı bərpa və təmirdən sonra yaradılan şəraitlə tanış olub.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin tarixi barədə məlumat verib. O bildirib ki, pavilyon 2019-cu ilin noyabrında yenidən açılıb. Pavilyonun açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilmiş “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib.
Hazırda burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlar nümayiş etdirilir. “Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir.