Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq
Bolqarıstan, Serbiya, Yunanıstan və Monteneqro krallıqlarından ibarət Balkan Birliyinin Osmanlı imperiyasına qarşı başladığı Birinci Balkan Müharibəsi 1913-cü ilin 30 mayında sona çatdı.
***
1941-ci ilin 30 mayında – İkinci Dünya Müharibəsi ərəfəsində Almaniya Giriti işğal etdi.
***
Müttəfiq qüvvələr İkinci Dünya Müharibəsinin ən böyük hava hücumlarından birini 1942-ci ilin 30 mayında Almaniyanın Köln şəhərinə etdilər. Təxminən 1000 qırıcı təyyarənin borbardmanında Köln yerlə-yeksan oldu.
***
Fransada universitet tələbələri tərəfindən başlanan və onlara fəhlələrin dəstəyilə davam edən “68 hadisələri” 1968-ci ilin 30 mayında ölkə prezidenti Şarl de Qollun (Charles de Gaulle) parlamenti buraxması və seçki vədi ilə nətəcələndi. Açıqlamadan sonra de Goll tərəfdarları küçələrə töküldü və lazım gələrsə, qarşı tərəfə güc tətbiq edilməsini istədi.
***
30 may 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən Serbiyaya Bosniyadakı hücumları dayandırması üçün sanksiya tətbiq olundu.
***
30 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1431-ci ilin bu günü işğalçılara qarşı mübarizənin lideri, Fransanın xalq qəhrəmanı Janna Dark (Jeanne d’Arc) “cadugərlik cinayəti” maddəsilə mühakimə edildi və yandırıldı. (1412-1431)
***
30 mayda görkəmli ingilis dramaturqu Kristofer Marlonun (Christopher Marlowe) xatırlanır. O, 1593-cü ilin bu günü qəlyanaltıda yumruq davası zamanı faciəli şəkildə həlak olub.
K.Marlo Avropada tarixi faciə janrını yenidən quran yazıçı kimi tanınır. O, arxaik qafiyəni sərbəst vəznlə əvəz edərək dialoq və monoloqlara təbiilik gətirib.
Ümumiyyətlə, 29 illik həyatı boyu qalmaqallı ömür sürən Kristofer Marlo ateist fikirlərinə görə də dəfələrlə həbs olunub, təqib edilib.
***
Fransa inqilabı və maarifçilik hərəkatına böyük töhfəsi olan, Volter adı ilə tanınan yazıçı və filosof Fransua Mari Aruye 1778-ci ilin 30 mayında 84 yaşında dünyasını dəyişib. (1694-1778)
***
Dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ilin bu günü Şamaxıda anadan olub.
Azərbaycan ədəbiyyatı, ictimai və bədii fikrinin ən böyük simalarından olan Sabir tənqidi realizmin qüdrətli nümayəndələrindən biridir. Onun yaradıcılığının əsasını humanizm və azadlıq ideyaları təşkil edir. Poeziyasında lirik motivlər də qüvvətlidir.
Sabir poeziyası sənətkarlıq, bədii forma etibarı ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında xüsusi yer tutur.
Şeirlərini əruz vəzninin ən oynaq bəhrlərində yazan Sabirin satirik şeirləri “Hophopnamə” adlı kitabda toplanıb. Bundan başqa, şairin Firdovsi, Sədi və Hafizdən tərcümələri də var. (1862-1911)