Səfir: “Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”

Səfir: “Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”

Oktyabrın 26-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

QİA.AZ xəbər verir ki, Şuradan “Report”a bildirilib ki, MŞ sədri Əflatun Amaşov Azərbaycan-İran münasibətlərinin hazırkı durumundan soz açıb.

O bildirib ki, bütün sahələrdə ölkələr arasındakı yüksək səviyyəli əlaqələr Azərbaycanın və İranın media orqanlarının fəaliyyətinə də müsbət təsirini göstərib.

MŞ sədri həmçinin Azərbaycan Ordusunun Qarabağ cəbhəsində əldə etdiyi uğurlar barədə söz açıb və qeyd edib ki, bu uğurlar Azərbaycan-İran sərhəd bütövlüyünü təmin edib. Bu isə son dərəcə vacib siyasi məqamdır.

“Azərbaycan öz torpaqlarını işğaldan xilas edir. Ölkəmizin işi haqq işidir. Əminik ki, Azərbaycanın cənub qonşusu olan dost İran dövləti də bu mübarizəmizdə bizə mənəvi dəstəkdir. Bunu hiss etmək çox xoşdur”, – Ə.Amaşov vurğulayıb.

Səfir Seyid Abbas Musəvi bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır. İslam Respublikası eyni zamanda Qarabağı da işğal olunmuş ərazi kimi tanımaqdadır. O, İranın müharibə başlayandan Ermənistanla hava və quru yolunu bağladığını bildirib. Hətta strateji əhəmiyyətə malik qida məhsullarının Ermənistana daşınmasının da dayandırıldığını diqqətə çatdırıb. Dağlıq Qarabağda fəaliyyət göstərən İran şirkətləri ilə bağlı yayılan məlumatlarla əlaqədar məsələyə gəlincə, səfir bildirib ki, İran ərazisində qeydiyyatdan keçmiş heç bir hüquqi şəxsin işğal olunmuş ərazilərdə işləmək haqqı yoxdur. Əgər bu sayaq hallar varsa, bunlar İrandan kənarda yaradılmış və qeydiyyatdan keçmiş qurumlardır.

“Biz çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”, – deyən səfir Musəvi ordunun zəfərləri ilə bağlı Azərbaycan xalqını təbrik edib, şəhid olmuş Azərbaycan hərbçilərinin ailələrinə başsağlığı verib.

Səfir Seyid Abbas Musəvi həmçinin bildirib ki, rəhbərlik etdiyi diplomatik missiya hər zaman iki ölkənin media qurumları arasındakı münasibətlərin dərinləşməsinə çalışıb və bundan sonra da təşəbbüslərini davam etdirəcək.

Oxşar Xəbərlər