17 yaşlı kayakçımız Slovakiyada qızıl medal qazanıb

Azərbaycan kayakçısı Tofiq Bayramov Slovakiyanın paytaxtı Bratislavada keçirilən beynəlxalq reqatanın qalibi olub.

“QİA.az”ın məlumatına görə, sayca 35-ci dəfə təşkil olunmuş yarışda 17 yaşlı idmançı yeniyetmələrin 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qızıl medal qazanıb.

O, seçmə mərhələdə finişə 41,302 saniyəyə, yarımfinalda 41,430 saniyəyə, finalda isə 41,190 saniyəyə çatıb.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, oğlanlardan Maarif Qarayev – Ceyhun Vəlixanov dueti 2 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə final yürüşündə 2 dəqiqə 0,070 saniyəyə 4-cü, Nicat Rəhimov 1 nəfərlik kanoe qayığı ilə eyni məsafəyə həlledici yürüşdə 55,750 saniyəyə 8-ci yeri tutub.

Yeganə xanım kanoeçi Gülnarə Həmzəyeva isə 1 nəfərlik qayıqla seçmə mərhələdə yürüşündə finişə 1 dəqiqə 12,080 saniyəyə çataraq, sonuncu – 7-ci yeri tutub və mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, beynəlxalq reqatada 10 ölkə yığması və Slovakiyanın 14 klubu iştirak edib.

Oxşar Xəbərlər