Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı arasında elektron Anlaşma Memorandumu imzalanıb.
“QİA.az” xəbər verir ki, imzalanma mərasimi nazirlik yanında Məlumat Hesablama Mərkəzinin (MHM) “Elektron imza” sertifikatından istifadə etməklə baş tutub və dövlət qurumları arasında ilk belə nümunədir.
Mərasimdən əvvəl tərəflərin birgə fəaliyyət istiqamətləri üzrə görülən işlər və perspektivlər müzakirə olunub.
“Azexport”un rəhbəri Ayxan Qədəşov koronovirus pandemiyasının yol açdığı çağırışların rəqəmsallaşmanın daha da dərinləşməsi ilə nəticələndiyini, sözügedən memorandumunun da bunun təzahürü olduğunu qeyd edib: “Memorandumu imzalamaqda əsas məqsədimiz ticarət dövriyyəsini artırmaqdan ibarətdir. İstəyirik ki, birgə təlimlər təşkil edək”.
“Azərpoçt”un Biznesin inkişafı və marketinq departamentinin direktoru Anar Məcidov və MHM-in Marketinq və satış şöbəsinin müdiri Ceyhun Məmmədov çıxış edərək mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə dair təkliflərini bildiriblər.
Daha sonra tərəflər arasında Azərbaycanda “B2B”, “B2C” və “C2C” seqmenti üzrə qeyri-neft məhsullarının ixracının artırılması, fərdi sahibkarlar və startaplar arasında nağdsız ödəniş və elektron ticarət vərdişlərinin stimullaşdırılması məqsədilə elektron Anlaşma Memorandumu imzalanıb. Sənədi “Azərpoçt”un baş direktorunun müavini Xəyyam Əlizadə və A.Qədəşov imzalayıb.