“İnsan Hüquqları Aylığı” çərçivəsində uşaq evləri sosial xidmət müəssisələrinə başçəkmələr həyata keçirilib

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılması məqsədilə sosial xidmət müəssisələrində monitorinqlər mütəmadi olaraq davam etdirilir.

Bu barədə “QİA.az”a Aparatın mətbuat xidmətindən məlumat verilib.

“İnsan Hüquqları Aylığı” çərçivəsində BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda müəyyən edilmiş istiqamətlərə uyğun olaraq təşkil olunan növbəti başçəkmələr Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 2 və 3 saylı uşaq evlərinə keçirilib.
Başçəkmələr zamanı uşaq evlərinin bütün ərazisinə baxış keçirilib, uşaqların müdafiə, sağlamlıq, inkişaf hüquqlarının təmini məsələləri öyrənilib, o cümlədən qidalanma səviyyəsi, tibbi yardım və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, bir sıra çatışmazlıqlar müəyyən edilib.
Rəftar məsələlərinin araşdırılması məqsədilə karantin rejimi qaydalarına əməl olunmaqla müəssisə rəhbərliyi, həmçinin uşaqlarla təsadüfi seçim əsasında fərdi və qrup şəklində söhbətlər aparılıb.
Başçəkmələr zamanı aşkar olunmuş və yerində aradan qaldırılması mümkün olan bəzi sanitar-gigiyenik və təhlükəsizlik məsələləri ilə bağlı müəssisə rəhbərliyinə görülməli tədbirlər haqqında tövsiyələr verilib, habelə uşaqların hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici söhbət aparılıb.
Aşkar olunmuş çatışmazlıqlarla bağlı müvafiq quruma müraciət ediləcək.

Oxşar Xəbərlər