BBC Kəlbəcərdən reportaj hazırlayıb: ermənilər hətta pəncərə çərçivələrini, unitazları belə söküb özləri ilə aparırlar

Azərbaycan Prezidenti İlham Əliyev hərbi sahədəki uğurları məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olub.

Noyabrın 10-u imzalanan üçtərəfli bəyanata əsasən, Ermənistan öz üzərinə öhdəlik götürüb ki, qarşıdan gələn günlərdə Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxacaq. Nəticə etibarilə, qarşıdan gələn qış müvsümündə qan tökülmədən, şəhid verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Rusiya sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Həmçinin Türkiyə ilə Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti monitorinqi ilə əlaqədar sənəd də imzalanıb.

Ermənilər bəyanatda boşaldılması nəzərdə tutulan 3 rayonu artıq tərk etməyə başlayıblar. BBC-nin reportajında da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. İşğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi isə yandırır, məhv edirlər.

Prezident İlham Əliyev bununla bağlı faktı oktyabrın 28-də “Interfax”a müsahibəsində bildirmişdi və uzaqgörənliklə xəbərdar etmişdi:

“Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.

Beləliklə, dövlət başçısının humanist addımını – rayonları boşaldılması üçün verilən uzun müddəti sui-istifadə edən ermənilər bəyanata uyğun olaraq qaytarılacaq rayonları tərk edərkən belə əraziyə maksimum ziyan vurmağa çalışır, əzəldən azərbaycanlılara aid olan evləri yandırır. Əlbəttə, özünə məxsus olmayan əraziləri hələ 1993-cü ildə işğal edərkən azərbaycanlı əhaliyə yurdlarını tərk etməsi üçün 10 saat müddət verənlərin bu hərəkəti təəccüb doğurmamalıdır.

Oxşar Xəbərlər