Prezident İlham Əliyev: Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir

Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir.

  QİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“O, kommunikasiyaların açılmasını təmin edir, sülhməramlı əməliyyatları təmin edir, o, regionda gələcək əməkdaşlığa dair Bəyanatdır. Ona görə də, bu, bəzilərinin təqdim etmək istədiyi kimi atəşkəs sənədi deyil. Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir. Əfsuslar olsun ki, bizim Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Bizim Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik. Əgər Ermənistan sülh istəyirsə bizim də sülh sazişinə ehtiyacımız var”.

Oxşar Xəbərlər