Iran elektrik təchizatı məhdudiyyətlərini azaltmaq üçün Azərbaycandan elektrik enerjisi idxalına başlayıb.
QİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Energetika Nazirliyinin Elektrik enerjisi məsələləri üzrə Mətbuat katibi Mostafa Rəcəbi Məşhədi deyib.
O bildirib ki, Muğan elektrik ötürücü xətlərinin Azərbaycanın elektrik şəbəkəsinə sinxronlaşdırılması ilə bu ölkədən elektrik enerjisi idxalına başlanılıb: “Hazırda bu ötürücü xəttdən daxili şəbəkəyə 73 meqavat elektrik enerjisi verilir. Bu xəttdən idxal olunan elektrik enerjisinin həcmi, ən yüksək istehlak saatlarında 130 meqavata qədər artırıla bilər”.
Qeyd edək ki, bu ayın əvvəlində İranın daxili enerji ehtiyacını ödəmək üçün Türkmənistandan 140 meqavat elektrik enerjisi idxal edəcəyi açıqlanmışdı.
Nazirliyin ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün göstərdiyi səyləri vurğulayan Rəcəbi Məşhədi: “Xorasan bölgəsinin (İranın şimal-şərqinin) bir hissəsinin enerji ehtiyacını təmin edəcək olan 140 meqavat elektrik enerjisinin ilk mərhələdə Türkmənistandan idxal ediləcək”.
“Tehran Electricity Distribution” şirkətinin idarəedici direktorunun sözlərinə görə, hər il ölkənin elektrik enerjisi istehsalının həcmi 3 min meqavat artırılsa da, yağışların və su anbarlarında suyun səviyyəsinin azalması, əlavə edilən istehsal gücünü əvəzləşdirərək elektrik enerjisi istehsalını azaldıb.
Son 10 ildə İranda davamlı istiliyin artması və yağışların əhəmiyyətli dərəcədə azalması ölkəni pik istehlak dövrlərində elektrik enerjisi təchizatı məsələsində çətin vəziyyətə salıb.
Bu baxımdan, Energetika Nazirliyi son illərdə istehlakı idarə etmək və elektrik şəbəkəsindəki itkiləri azaltmaq üçün yeni strategiyaları izləyir.
Ötən ilin sonlarında energetika naziri Rza Ardakanian, nazirliyin aşağı istehlaklı ev təsərrüfatları və elektrik enerjisinin sənaye sektorunun istehlakçıları üçün yeni təşviq paketləri nəzərdən keçirildiytini açıqlamışdı.