Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır

Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır.

QİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olarkən deyib.

Dövlət başçısı bildirib:

“Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız – bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır.

Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik. İşğal dövründə mənfur düşmən bizi sudan məhrum etmişdi. Sərsəng su anbarı, Suqovuşan su anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcəkdir”.

Oxşar Xəbərlər