Ermənistanda üzərində Azərbaycan bayrağı olan pivə satışa çıxarılıb.
QİA.AZ-ın məlumatına görə, məşhur şirkətlərdən birinin istehsal etdiyi spirtli içkinin görüntüləri sosial şəbəkələrdə yayılıb və Ermənistanda rezonans doğurub.
Məsələ ilə bağlı qonşu ölkənin qida təhlükəsizliyi üzrə dövlət qurumu açıqlama verib, Azərbaycan bayraqlı pivənin daxili bazara “ayaq açması”nın Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə edilmiş gömrük razılaşmasına uyğun olduğunu bildirib. Belə ki, həmin məhsulun məxsus olduğu brend Futbol üzrə Avropa Çempionatının (Avro 2020) sponsorlarından biridir və bu səbəbdən Rusiyadakı zavodda çempionatda iştirak edən ölkələrin bayrağı ilə məhdud sayda pivə istehsal edib. Həmin məhsulun bir hissəsi isə Ermənistana ixrac olunub.