Berlində polislə vətəndaşlar arasında qarşıdurma olub

İyn17,2021

Almaniyanın paytaxtı Berlində koronavirus qadağalarının ləğv edilməsi tələbi ilə keçirilən etiraz yürüşündə qarşıdurma yaşanıb.

“QİA.az”ın məlumatına görə, paytaxtın Rigarer küçəsini bağlayan bir qrup aktivist barikadalar quraraq plastik zibilqabları və avtomobil təkərlərini yandırıblar.

Onlar açıq havada maska taxılmasının ləğv edilməsi, iri ticarət və əyləncə mərkəzlərinin əvvəlki qaydada işləməsini tələb ediblər. Əraziyə gələn polis əməkdaşları ilə aksiya iştirakçıları arasında baş verən qarşıdurmada ikisi polis və 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Aktivistlər yanğınları söndürməyə gələn yanğınsöndürənlərə daş və müxtəlif ağır metal alətlərlə xəsarət yetirməyə başlayıblar. Bundan sonra əraziyə kütləvi aksiyaları dağıtmaq üçün polisin xüsusi təyinatlı qüvvələri gətirilib. Su şırnaqları və gözyaşardıcı qazlarla polisin aksiya işirakçılarına qarşı mübarizəsi nəticə verib.

Təxminən 4 saata yaxın davam edən polis-vətəndaş qarşıdurması nəticəsində paytaxt Berlinin nəqliyyat sistemi iflic olub. Rigarer və ona paralel küçələrdə uzun avtomobil tıxacları meydana gəlib.

Hadisə ilə bağlı Almaniya Federal Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda polisə müqavimət göstərən şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətinə əməliyyat tədbirləri davam etdirilir.

Oxşar Xəbərlər