Türkiyədəki diaspor təşkilatları Şuşa Bəyannaməsi ilə bağlı müraciət yayıblar

Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları Şuşa Bəyannaməsi ilə bağlı müraciət yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.az”a verilən məlumata görə bəyanatda deyilir:

Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri olaraq, 15 iyun 2021-ci il tarixli “Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasını məmnuniyyətlə qarşıladığımızı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə həyata vəsiqə qazanan, iki qətiyyətli lider tərəfindən imzalanan sənədi yüksək dəyərləndirir və bütün gücümüzlə dəstəklədiyimizi bildiririk.

Bəyannamə yalnız iki qardaş ölkənin deyil, bütün Türk dünyasının həmrəyliyini ifadə edən və gücləndirən, eləcə də Avrasiya coğrafiyası üçün sülh, sabitlik və inkişaf vəd edən bir çox müddəanı özündə ehtiva edir. Odur ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları birlik və həmrəyliyimizin əhəmiyyətli olduğunu diqqətə çatdırmaqla digər türksoylu ölkələrin, həmçinin sülhsevər digər icmalarla birgə fəaliyyətin əhəmiyyətli olduğunu vurğulayırıq.

Xüsusi olaraq qeyd etmək istəyirik ki, sənədin imzalanma tarixinin seçilməsi özündə iki böyük tarixin nişanələrini əks etdirir. Hesab edirik ki, Azərbaycanın Milli Qurtuluş Günündə və Qars müqaviləsinin yüzüncü ildönümündə imzalanması hər iki liderin Türkiyə Cümhuriyyətinin banısi Mustafa Kamal Atatürkə və ümummilli lider Heydər Əliyevə olan tükənməz sevgi və ehtiramın nişanəsidir. Məhz Mustafa Kamal Atatürkün “Naxçıvan türkün qapısıdır”, – ifadəsi və tapşırıqları ilə Naxçıvan bölgəsinə muxtar dövlət statusunun verilməsi hazırda türk dünyasının nəqliyyat və kommunikasiya baxımından birləşmək fürsətini yaratmışdır.

Artıq dövlət müstəqilliyinin otuzuncu ildönümünü şərəflə yaşayan tüksoylu ölkələr ötən dövrdə böyük inkişaf yolu keçiblər. Həmrəylik və birlik çağırışlarımız yalnız türksoylu xalqların tərəqqisi üçün deyil, bütün dünyada mehriban dostluq, səmimi qonşuluq, birgəyaşayış mədəniyyətinin nümayişi olaraq örnəyə çevrilib. Bütün bunlar milli simamız və dəyərlərimizdir.

Əziz və dəyərli yurddaşlar, soydaşlar, dindaşlar və məsləkdaşlar yaşadığımız dünyada sülh və sabitliyin qorunması, təbliği və təşviqində diaspor təşkilatları və media qurumlarının da üzərinə ağır və şərəfli məsuliyyət qoyur. Bu məsuliyyətin bir istiqaməti də Azərbaycan və Türkiyəyə aid həqiqətlərin dünya birliyinə düzgün çatdırılması, xalqlarımıza, ölkələrimizə qarşı yalan və iftiraların dəf edilməsidir. Son illər məhz birgə səylərimiz nəticəsində saxta “erməni məsələsi”ndən doğan bütün irtica fəaliyyətlərin ifşası istiqamətində əhəmiyyətli addımlar atmışıq. Lakin bütün bunlar yetərli deyil. Bəyannamə əməkdaşlıq, inkişaf, tərəqqi və rifah üçün unikal imkanlar yaratmaqdadır.

Ermənistanın, erməni millətçi dairələrin, lobbi təşkilatlarının Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların saxtalaşdırılması əsasında siyasiləşdirilmiş qərarların həqiqət kimi təqdim olunması son dərəcə təhlükəlidir və birgə səylərlə bunları dəf etməliyik. Bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləməklə real işlərə rəvac verməliyik.

Prezident İlham Əliyevin söylədiyi və Prezident Rəcəb Tayyib Ərdoğanın da dəstəklədiyi kimi: bir millətin iki diasporu ola bilməz.

Birmənalı olaraq qeyd etmək istəyirik ki, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, məruz qaldığımız ümumi problemlərin qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi səmərəli fəaliyyət üçün yeganə düzgün yoldur.

Milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının koordinasiyalı şəkildə birgə fəaliyyətləri gücümüzü artırar, nəticələri yüksəldər.

Bu bəyanatı yazmaqda və yaymaqda məqsədimiz bir daha Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Şuşa Bəyənnaməsinin tarixi əhəmiyyətini yüksək dəyərləndirdiyimizi nümayiş etdirmək, güclü, qüdrətli, yenilməz, xalqların birliyinin və dostluğunun qaranti olan ittifaqın qorunmasına və inkişafı naminə yumruq kimi birləşmiş diaspora çevrilmək niyyətimizi ifadə edirik. Azərbaycan və Türkiyənin diaspor təşkilatları yalnız və yalnız ittifaq şəkilində birləşmiş fəaliyyət göstərməklə əsas hədəflərə nail ola bilərlər. Bir olaq, diri olaq, güclü olaq, müttəfiq olaq.

Müraciəti 74 təşkilat imzalayıb.

Oxşar Xəbərlər