Arzuları çin olan zabit!

 Vətən müharibəsinin bitməsindən aylar ötsə də hələ tanımalı  neçə -neçə igidlərimiz var ki, ömürlərini vətənə xidmətə həsr edib. Onların hər birini  tanıdıqca insan qürurdan dağa dönür. Bu gün qələmim  ömrünün 27 ilini Vətənə  xidmətə həsr edən bir zabitimizi, Naxçıvan igidini tanıtdırmaq üçün yazır.

  Allahverdiyev Babək Asəf oğlu 1976-cı il avqustun  15-də Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Atası Asəf əmi ona tarixdə hamının çox yaxşı tanıdığı Babəkin adını vermişdi ki, oğlu da xalq qəhrəmanı kimi igid olsun. İnsan adı ilə bütünləşirmiş. Babək hələ uşaq yaşlarından öz yaşıdlarından təfəkkürü, düşüncə tərzi, nümunəvi davranışı ilə seçilirdi. Orta məktəbi əla qiymətlərlə bitirən  Babək ali məktəbə qəbul olsa da burada  təhsil almaqdan imtina edərək vətənin keşiyində durmaq üçün 1994-cü ildə  əsgər gedir. Vətənin keşiyində əsgər kimi durduğu vaxtlar isə artıq öz ixtisasını seçmişdi. O  anladı ki, elə mübarizəsi ilə tarix yazan adaşı Babək kimi onun da ün ülvi  vəzifəsi anam dediyi Azərbaycanın keşiyini çəkməkdi. Öz istəyini komandirlərə bildirən Babək  Türkiyə Respublikasında  Quru Qoşunların Ali Hərbi Komandir  Məktəbinə sənəd verir. İmtahanları müvəffəqiyyətlə keçir və Ankara şəhərində yerləşən Ali hərbi məktəbə qəbul olur. Təhsil aldığı dörd il müddətində qarşısına bir məqsəd qoyur “mən  bütün hərbi sirləri mükəmməl öyrənəcəyəm ki, bu biliklər də məni Qarabağa aparacaq “. Allahverdiyev  Babək 1999-cü ildə təhsil aldığı hərbi məktəbi  birinciliklə bitirir. Türkiyədə təhsil aldığı müddətdə o həmçinin türk, rus və ingilis dillərini də mükəmməl öyrənir.  1999 -cu ildə isə Türkiyənin İstanbul şəhərində yerləşən Quru Qoşunların Ali Hərbi Komandirlər məktəbinin Zabit ixtisası kursunu motoatıcı ixtisası üzrə bitirib. 2000 -ci ildən Azərbaycan Respublikasının ordu sıralarında zabit kimi xidmət etməyə başlayıb . O hər zaman çalışır ki, həm əsgərləri ilə yaxın dost olsun, həm də onları  bu vətənə layiqli , nizam-intizamlı əsgərlər kimi yetişdirsin. O öz əsgərlərini öz doğma balası kimi sevir onları vətən fədailəri kimi yetişdirir. Yüksək səviyyəli biliyə malik olan Babək Allahverdiyev müxtəlif dövrlərdə Azərbaycanı başqa ölkələrdə yüksək səviyyədə təmsil etmişdi. O həmçinin Macarıstan Respublikasının Zrini Miklos adına  Beynəlxalq müdafiə Universiteti nəzdində sülhnaminə tərəfdaşlıq proqramı çərçivəsində  “Hərbi ingilis dili təlim mərkəzində” ingilis dili kursu  (2003), Türkiyə Respublikasının  Ankara şəhərində Türkiyə sülhnaminə tərəfdaşlıq təlim mərkəzində Birləşmiş Millətlərin Hərbi müşahidəçi kursunu  (2005) , Almaniyada NATO məktəbinin nəzdində Çoxmillətli  maddi-texniki təminat kursunu  (2006) , Bolqarıstanda  NATO strukturları  üzrə  Birləşmiş qərargah kursunu  (2007 ) müvəffəqiyyətlə keçmişdi. 2012-ci ildə isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasına qəbul olur və 2014-cü ildə  Akademiyanı “Hərbi  və dövlət  idarəetməsi ” ixtisaslaşması üzrə magistr dərəcəsi alır. Xidmətində göstərdiyi yüksək səviyyəli fəaliyyətinə görə polkovnik-leytenant rütbəsinə qədər yüksələn Babək Allahverdiyev müxtəlif dövrlərdə Azərbaycan Respublikasının 85, 90, 95 illiyi Yubiley, Qüsursuz xidmətə görə III, II  və I dərəcəli , Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı” medalların layiq görülüb. Polkovnik-leytenant Babək Allahverdiyev ailəlidir, onun dörd övladı var. Lakin o vaxtını övladlarından çox səngərdə əsgəri ilə keçirən bir komandirdir. O, sanki bu vətənlə bütünləşib. Bircə dəfə belə olsun “yorulmaq” kəlməsini dilinə gətirmədən təmiz vicdanı ilə bu vətənə xidmət edib, ətrafında olan yoldaşları tərəfindən isə vədinə əməl edən ,özü sözü  bir qorxmaz, məğrur  zabit kimi tanınır. Onun ailəsinə verdiyi sözdə vətənlə bağlı idi. O həmişə övladlarına söz verirdi ki, bir gün sizin timsalınızda bütün Azərbaycana Qarabağı qaytaracağam.

  2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən Müharibəsində bu döyüş ruhlu zabit  öz əsgərləri ilə ön cəbhəyə yollandı. Yetişdirdiyi, illərlə təlim keçdiyi əsgərləri, zabitləri ilə çiyin-çiyinə döyüşdü. Düşmənə qan uddurdu. Göstərdiyi şəxsi şücaət və qəhrəmanlıqlarına görə müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı tərəfindən “Vətən müharibəsi iştirakçısı ”  və “Kəlbəcərin azad olunmasına ” görə medalları ilə təltif olundu. Amma onun ən böyük mükafatı doğma, gözəl Qarabağda xidmət etməsi oldu. Babək Allahverdiyevin arzusu çin olub.  İndi onun qollarına vətən torpağının gücü, gözlərinə azadlığın işığı hopub. Belə zabitlərimizin sayəsində bu Vətən daim var olacaq.

 Bu gün sizin gününüzdür, Şanlı ordumuzun əsgər və zabitləri!  Qarabağda qeyd etdiyiniz Silahlı Qüvvələr Gününüz mübarək olsun!  Cənab polkovnik-leytenant,  sizinlə isə həmişə digər dalib zabitlərimiz kimi qürur duyuruq!

 İLAHƏ ALLAHVERDİYEVA

Naxçıvan Dövlət Universitetinin”Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

Oxşar Xəbərlər