Dünyada bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 657 312 təşkil edib.
“QİA.AZ” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qeyd edilir ki, bu, pandemiyanın başlanğıcından rekord göstəricidir.
Məlumata görə, dünyada COVID-19-a ən çox yoluxmalar Avropada, Şimali və Cənubi Amerikada aşkarlanıb. Ötən sutkada “köhnə qitə”də 285 mindən çox insanda təhlükəli virus qeydə alınıb. Şimali və Cənubi Amerikada isə 269 mindən çox yoluxma aşkarlanıb.
Dünyada koronavirusa ümumilikdə 53 milyondan çox yoluxma aşkar edilib. Pandemiya ərzində 1,3 milyondan çox insan COVID-19-dan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.