“Cənub Qaz Dəhlizi” ötən ili mənfəətlə başa vurub

“Cənub Qaz Dəhlizi” QSC (SGC) 2020-ci ili 13,072 milyon ABŞ dolları mənfəətlə başa vurub. Səhmdar cəmiyyəti 2019-cu ildən 280,751 milyon dollar zərərlə çıxmışdı.

QİA.AZ xəbər verir ki, ötən il SGC-nin əməliyyat gəlirləri 861,551 milyon dollar (əvvəlki ilə nisbətən 90,35% çox), satışının maya dəyəri 295,534 milyon dollar (19,5% çox), ümumi və inzibati xərcləri 212,832 milyon dollar (2,2 dəfə çox), nəqletmə xərcləri 18,169 milyon dollar (3,4 dəfə çox), faiz gəlirləri 37,358 milyon dollar (16,3% az), asılı müəssisələrdən gəlirləri 17,265 milyon dollar (əvvəlki il olmayıb), digər gəlirləri 28,722 milyon dollar (25,8% çox), maliyyə xərcləri 395,505 milyon dollar (10,1% az), məzənnə fərqindən zərəri 1,649 milyon dollar (41,4% az), mənfəət vergisi ödəmələri isə 8,135 milyon dollar (7,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə SGC-nin aktivləri 12 676,671 milyon dollar olub ki, bu da illik müqayisədə 0,2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri cüzi artaraq 9 449,076 milyon dollara, balans kapitalı isə 0,6% artaraq 3 227,595 milyon dollara çatıb.

Xatırladaq ki, SGC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,“Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 415,8 milyon dollardır. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Oxşar Xəbərlər