Mina xəritələrinin alınması iqtisadi quruculuq və məskunlaşmanı sürətləndirəcək – Vüsal Qasımlı

Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib.

QİA.AZ“ın məlumatına görə, məsələnin iqtisadi-sosial əhəmiyyətini qeyd edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib ki, bu diplomatik uğur Qarabağda iqtisadi quruculuq və məskunlaşma üçün əhəmiyyətlidir: “Bu yolla minalardan təmizlənməyə gedəcək vaxta qənaət edirik, itkiləri minimuma endiririk və inam yaratmaqla investorların təşviqini sürətləndiririk”.

V.Qasımlı deyib ki, mina xəritələrini Azərbaycana təqdim etməklə Ermənistan ərazilərin minalanmasına çəkilən yüz milyonlarla xərcin səmərəsiz olduğunu bir daha başa düşdü: “Eyni zamanda, beynəlxalq metodologiyalar əsasında hesablamalar göstərir ki, minalardan təmizlənməyə sərf olunan resurslar, minalanma üçün xərcləri dəfələrlə üstələyir. Məsələn, Bosniyada 1996-2000-ci illər aralığında hər kvadrat metr ərazinin təmizlənməsi xərci 3 manat dəyərində, 1997-ci ildə Xorvatiyada 5,1 manat dəyərində olmuşdur. Başqa hesablamalar da var. Beləliklə, mina xəritələrini diplomatik vasitə ilə almaqla Azərbaycan bu istiqamətdə çəkəcəyi xərcləri və verə biləcəyi insan və digər itkiləri aradan götürmüş olur.”

V.Qasımlının sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki ən böyük yaşayış məntəqəsi Ağdam və Füzuli, eləcə də Zəngilanın mina xəritələrinin əldə edilməsi, bu bölgələrdə iqtisadi quruculuq və məskunlaşma prosesini sürətləndirir.

V.Qasımlı bildirib ki, mina xəritələrini əldə etməklə, Azərbaycan həm də Qarabağda nəqliyyat-logistika layihələrini də daha sürətlə reallaşdırmaq imkanı qazanır: “Ağdam, Füzuli və Zəngilan hər bir biri nəqliyyat coğrafiyasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın növbəti diplomatik nailiyyəti bölgədə davamlı inkişaf, sülh və etimadın yaranması üçün vacibdir.”

Oxşar Xəbərlər