Bakıda Azərbaycan-Türkiyə Enerji Forumu keçiriləcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında iki ölkənin son dövrlərdə imzaladığı sənədlərdə əksini tapmış enerji məsələlərinin müzakirəsi məqsədilə onlayn formatda görüş keçirilib.

QİA.AZın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə bu ilin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə, eləcə də digər sənədlərdəki energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib.

P. Şahbazov deyib ki, “Şuşa Bəyannaməsi” bütün sahələrdə, o cümlədən enerjidə dost, qardaş, tərəfdaş münasibətlərimizi müttəfiqlik statusuna yüksəltdi: “Bu sənəddə yer alan “Cənub Qaz Dəhlizi” və elektrik enerjisi sahəsində regional əməkdaşlıq məsələləri, həmçinin işğaldan azad edilmiş ərazilərin Azərbaycan Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilməsi Türkiyə ilə enerji əməkdaşlığımızı dərinləşdirir”.

Bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı hazırda Türkiyə şirkətləri ilə müzakirələr aparıldığını bildirən nazir, eyni zamanda, gələn ildən keçirilməsi planlaşdırılan hərraclarda iştirakın mümkünlüyünü də diqqətə çatdırıb.

Görüşdə karbohidrogen, neft-kimya, bərpa olunan enerji və digər istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafına töhfə verəcək platforma kimi Azərbaycan-Türkiyə Enerji Forumunun bu ilin oktyabrında Bakıda keçirilməsi təklifi müzakirə edilərək razılaşdırılıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə TPAO və SOCAR-ın hər iki ölkədə uğurlu fəaliyyətindən bəhs edərək, üçüncü ölkədə birgə əməkdaşlığın strateji əhəmiyyətinə və perspektivlərinə toxunub.

Müzakirələr zamanı enerji əməkdaşlığının digər mühüm istiqamətləri üzrə də fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər