Ukraynada fəaliyyət göstərən “Glusco” yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsi bu gündən fəaliyyətini bərpa edib.
“QİA.AZ”ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, YDM- şəbəkəsinin yenidən fəaliyyətə başlamasına səbəb şirkətin sahibinin dəyişməsidir.
Ukrayna mətbuatı yazır ki, “Glusco” YDM-lərinin yeni sahibi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Mənbənin yazdığına görə, bu, YDM-lərin sistemlərin yoxlanılması üçün texniki fəaliyyətdir: “Yaxın zamanda yeni sahib yanacaqdoldurma məntəqələri şəbəkəsinin tam gücü ilə işləməsinə təmin edəcək”.
Nəşr iddia edir ki, artıq YDM-lərdəki “Glusco” loqotipi və yazısı qara örtüklə örtülüb.
SOCAR-dan isə “Report”a bu məsələ ilə bağlı bildiriblər ki, hazırda belə bir qərar mövcud deyil.
Qeyd edək ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynanın 11 vilayətində 55 ədəd müasir yanacaqdoldurma kompleksləri fəaliyyət göstərir. Həmçinin Ukraynada yaradılan “SOCAR Ukraine” Ticarət Evi ölkəyə təbii qaz idxal edən ən iri özəl idxalçılardan biri olub.