“Masdar” Azərbaycanda günəş stansiyasının inşasının başlayacağı vaxtı açıqlayıb

“Azərbaycanda günəş elektrik stansiyasının tikintisi ilə bağlı layihədə əhəmiyyətli irəliləyiş əldə etmişik”.

QİA.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Greentech Summer Camp 2021” təlim proqramı çərçivəsində təşkil olunmuş mətbuat konfransında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş meneceri Hüseyn Əl Meer jurnalistlərə deyib.

O xatırladıb ki, ötən il layihənin həyata keçirilməsi üçün Azərbaycanla icra müqaviləsi imzalanıb.

“2021-ci ilin aprelində layihənin həyata keçirilməsinə dair müqavilə imzaladıq. Bu müqavilə enerji alqı-satqı müqaviləsini, enerji ötürülmə müqaviləsini və həmçinin investisiya müqaviləsini əhatə edir. Stansiyanın tikinti mərhələsini bu ilin sonlarında – gələn ilin əvvəlində başlamağı planlaşdırırıq”, – Hüseyn Əl Meer bildirib.

Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycan hökuməti və “Masdar” şirkəti Ələt yaxınlığında 230 meqavat gücü olan günəş elektrik stansiyası tikintisi üçün müqavilə imzalayıb.

Günəş elektrik stansiyası Qobustan ərazisində yerləşəcək. Layihənin ümumi investisiya dəyəri təxminən 200 mln ABŞ dolları təşkil edir.

Oxşar Xəbərlər