Bu ilin iyun ayında Azərbaycanın Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sazişi çərçivəsində gündəlik neft (kondensantla birlikdə) hasilatı 610 min barel olub. İyul ayında isə Azərbaycan gündəlik olaraq 620 min barel neft (kondensantla birlikdə) hasil edəcəyini planlaşdırır.
Qeyd edək ki, aprelin 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyun aylarında 9,7 mln barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib. “OPEC+” ölkələrinin bu ay keçirilən iclasında iştirakçı ölkələrə bu il avqust – dekabr ayları ərzində gündəlik hasilatı hər ay 400 min barel artırmaq tövsiyə olunub. Bəzi analitiklər də OPEC+ ölkələrinin avqust ayından etibarən gündəlik hasilatın 400 min barel artırılması ilə bağlı razılıq əldə edəcəyini güman edirlər. Lakin iyulun 1-də “OPEC+” çərçivəsində keçirilən toplantı zamanı 2021-ci ilin sonunadək gündəlik hasilatı 2 milyon barel artırmaq və hasilatın ixtisar olunması siyasətini 2022-ci ilin aprel ayından dekabr ayınadək uzatmaq barədə müvafiq qərarlar BƏƏ tərəfinin mövqeyi səbəbilə baş tutmayıb. Belə ki, BƏƏ nümayəndələri hasilatın artmasına qarşı çıxmasa da, onlara daha yüksək kvota verilməsini istəyiblər. Onlar BƏƏ-nin hasilat həcmini 3,168 milyon bareldən 3,8 milyon barelədək artırılmasını istəyirlər. BƏƏ hasilatı artırmaq üçün artıq külli miqdarda vəsait yatırıb.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “QİA.AZ”a açıqlamasında qeyd edib ki, “OPEC+” ölkələrinin hasilat siyasətini hansı yöndə quracağı indiki dövr üçün çox vacib xarakter daşıyır:
“Bu il neft qiymətləri indiki səviyyədə qalarsa, təxminən Dövlət Neft Fonduna 4,3-4,4 milyard dollar vəsait daxil olacaq”
Zəfər Vəliyev
Enerji məsələləri üzrə ekspert
“Bu ilin ikinci rübündən neftə tələbat ilin əvvəlindən fərqli olaraq kifayət qədər artdı. Bu mərhələdə neft emalı zavodlarının əksəriyyətində xammalla yüklənmə 85 %-i keçdi. Bu bir daha onu deməyə əsas verir ki, ilin birinci rübü ilə müqayisədə ikinci rübdə əhəmiyyətli dərəcədə artım oub. Lakin neft bazarlarında qeyri-müəyyənlik hələ davam edir. Çünki avtomobil benzini, aviakerosin, dizel yanacağına olan gündəlik tələbat hələ pandemiyadan əvvəlki dövrdə olan səviyyəyə gəlib çatmayıb. Karantin tədbirlərinin kifayət qədər yumşaldılması, dünya üzrə aparılan peyvənd kampaniyasının dinamikliyinin kifayət qədər yüksək olması, beynəlxalq magistral yollarda nəqliyyat sıxlığının günbəgün artması, sənaye-işgüzar aktivliyin yüksək səviyyədə olması ilin 3-cü və 4-cü rübündə neftə tələbatın bir az da artacağını deməyə əsas verir. Bu baxımdan OPEC və müttəfiq dövlətlərin avqust ayından başlayaraq özlərinin hasilat siyasətlərini hansı yöndə quracaqları olduqca vacib məsələdir”.
Z.Vəliyevin fikrinə görə OPEC və müttəfiq dövlətlər qarşıdakı aylarda da neft bazarının tənzimlənməsi ilə bağlı səyləri birıləşdirməlidir:
“Hasilat tavanının qısaldılması ilə bağlı hələ ki, bir razılığa gəlinməyib. Əsasən BƏƏ-nin baza xəttinin dəyişilməsi ilə bağlı israrlı tələbi mümkün qərarın qəbul edilməsinə maneə törədir. Bunlara baxmayaraq artıq masa üzərində 2022-ci ilin sonuna kimi OPEC və müttəfiq dövlətlərin hasilat siyasətinin hansı yöndə davam etdiriləcəyi ilə bağlı təkmil bir sənəd var. Bu, OPEC və müttəfiq dövlətlərin birləşdiyi Vyana sazişinin şərtləri əsasında yaradılmış Birləşmiş Texniki Komitənin, OPEC Analitik Qrupunun və OPEC tərəfindən bu işə cəlb edilmiş digər şirkətlərin hazırladıqları bir sənəddir.
2020-ci ilin aprel ayında neft bazarları böhranlı vəziyyət keçirəndə OPEC və müttəfiq dövlətlər may, iyun və iyul aylarında sutkalıq neft hasilatını 9,7 milyon barel azaltmaqla bağlı qərar qəbul etdilər. Bu zaman hasilat tavanının mərhələli şəkildə dəyişilməsi ilə bağlı ümumi bir sənəd var idi. May və iyun aylarında 9,7 milyon barel, sonra 7,5 milyon barel və növbəti mərhələdə 5,8 milyon barel kəsintilərə getmək barədə ümumi razılıq əldə edildi. Bunun əsasında hər bir iştirakçı dövlət üçün maksimum hasilat tavanı müəyyən olundu. O dövrdə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreyn könüllü olaraq onlar üçün müəyyən edilmiş hasilat tavanından əlavə neft kəsintİlərinə getməklə bağlı OPEC katibliyi və Birləşmiş Monitorinq Komisətinə təklif verdilər. Bu dövlətlərin kvotalardan əlavə könüllü kəsintilərə getmələri neft bazarlarında yaranmış qeyri-müəyyənliyi qısa müddətdə aradan qaldırmağa xidmət edirdi. Bu baxımdan həm dünyanın yeni enerji keçidi ərəfəsində olduğu, həm iqlim tələblərinin günbəgün sərtləşdiyi indiki şəraitdə, həm də karbonsuz texnologiyalara sürətli keçid ərəfəsində OPEC və müttəfiq dövlətlər nəyin bahasına olur olsun neft tədarükünün və neft hasilatının zamanını uzatmalıdırlar.
Bazarın tənzimlənməsi ilə bağlı indiki sazişin bir alternativi yoxdur və ola da bilməz. Çünki qlobal enerji keçidinin əsas məqsədlərindən biri də odur ki, növbəti üç on illikdə dünya üzrə neft və qaz ticarəti minimuma endirilsin. Bu baxımdan OPEC və müttəfiq dövlətlərin 2016-cı ildə Vyanada imzaladıqları birgə əməkdaşlıq bəyənnaməsində də göstərilir ki, OPEC və müttəfiq dövlətlər birləşdirilmiş səylər nəticəsində dəyişən qlobal enerji balansında neftin aparıcı komponent rolunu qoruyub saxlamalıdır. Hesab edirəm ki, OPEC və müttəfiq dövlətlər qarşıdakı aylarda da neft bazarının tənzimlənməsi ilə bağlı səyləri birıləşdirməlidirlər”.
Ekspert yeni qərarların Azərbaycana təsirlərindən də danışıb:
“May, iyun və iyul ayları ərzində Azərbaycan özünün hasilat tavanında birinci ay 7 min, növbəti ay 8 min, iyulda isə 10 min barel olmaq şərti ilə mərhələli şəkildə 25 min barel artıma yol verməli idi. Hesab edirəm ki, Azərbaycan 2016-cı ilin Vyana sazişinin şərtlərinə doğru əməl edən ən nümunəvi saziş iştirakçılarından biridir. Təbii ki, Azərbaycan artıq neft hasilatının pik dövrünün arxada qoyub. Qarşıdakı illərdə də Azərbaycanda tədricən neft hasilatında azalmalar olacaq və davam edəcək. Bu azalma neft gəlirlərimizə də təsir edəcək. Çünki pik neft hasilatına 2009-2010-cu illərdə nail olmuşuq və o dövrdə Azərbaycanda bütövlükdə neft hasilatı 50 milyon ton civarında idi. Bura həm “Azəri-Çıraq-Günəşli” yataqları blokundan hasil olunan, həm SOCAR-ın aktivində olan yataqlardan hasil olunan xam neft, həm də hasilatın pay bölgüsü sazişinə söykənən əməliyyat şirkətlərinin və müştərək müəssisələrin birlikdə hasil etdikləri neft həcmləri daxil idi. Bizdə neft gəlirlərinin ən çox olduğu dövr isə 2011-ci il olub. O dövrdə Dövlət Neft Fonduna daxil olan neft gəlirləri 19 milyard ABŞdolları idi. 2019-cu ildə təxminən bu göstərici 8 milyard ABŞdolları azaldı. Pandemiya dövründə Dövlət Neft Fonduna mənfəət neftinin satışından daxil olan neft gəlirləri cəmi 3,8 milyard ABŞ dolları təşkil etdi. Bu il neft qiymətləri indiki səviyyədə qalarsa, təxminən Dövlət Neft Fonduna 4,3-4,4 milyard ABŞ dolları vəsait daxil olacaq. Hesab edirəm ki, Dövlət Neft Şirkəti və əlaqədar qurumlar Azərbaycanda heç olmasa yaxın illərdə neft hasilatının müəyyən mənada sabit saxlanılması istiqamətində çabalarını davam etdirməlidir”.
İqtisadçı ekspert İlham Şaban da OPEC+ sazişi çərçivəsində kvotaların artırılmasının Azərbaycan üçün önəmini vurğulayıb:
“Bunun nəticəsində ilin sonuna qədər dünya iqtisadiyyatının inkişafı və enerjiyə olan tələbatı, o cümlədən hazırda bazarda bərqərar olmuş neft qiymətlərini nəzərə alaraq Azərbaycanın da kvotası ümumən OPEC+ çərçivəsində artımlara uyğun olaraq artırılacaq. Bu, Azərbaycan üçün yeni bir şansdır”
İlham Şaban
İqtisadçı ekspert
“Ümumilikdə OPEC+ çərçivəsində avqust ayından hasilatın artırılması haqqında qərar qəbul edilib. Buna müvafiq olaraq iyul ayında Azərbaycan üçün 610 min barel kvota müəyyən edilmişdisə, indi bu kvota 10 min barel artırılır. 2020-ci ilin may ayından bazardakı vəziyyətin sabitləşdirilməsi yönümündə OPEC+ ölkələrinin birgə səyi nəticəsində addımlar atılırdı. İndi vəziyyətin stabilləşdirilməsinə nail olunub və bazarda enerjiyə tələbat ötən illə müqayisədə kifayət qədər artıb. Bunun nəticəsində ilin sonuna qədər dünya iqtisadiyyatının inkişafı və enerjiyə olan tələbatı, o cümlədən hazırda bazarda bərqərar olmuş neft qiymətlərini nəzərə alaraq Azərbaycanın da kvotası ümumən “OPEC+” çərçivəsində artımlara uyğun olaraq artırılacaq. Bu, Azərbaycan üçün yeni bir şansdır.
Qeyd edim ki, Azərbaycan “OPEC+” çərçivəsində ayrılan bu kvotalardan hələ tam yararlana bilmir. Mayda Azərbaycanın kvotası neft üzrə 603 min barel idi. İyun ayının kvotası ilə bağlı Energetika Nazirliyi hesabat açıqlamasa da, 586 min barel neft hasil etmişik. Bağlanmış quyuları, yataqları bərpa etmək heç də asan deyil. Nəzərə alaq ki, Azərbaycandakı yataqlar əsasən köhnə yataqlardır və bunların bərpası asan başa gəlmir”.