Çağrışçıların həqiqi hərbi xidmətə yola salınması davam edir

“Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin rayon və şəhərlərində çağırışçı gənclərin təntənəli yolasalma mərasimləri keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) QİA.AZ”a bildirilib ki, tədbirlərdə Dövlət Xidmətinin yerli strukturlarının şəxsi heyəti, rayonların icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, müharibə veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Bakı şəhər Nizami və Qəbələ rayonunda keçirilən tədbirlərdə iştirakçılar və çağırışçılar əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə çıxış edənlər hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçılara təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə ediblər.

Qeyd olunub ki, bu gün hərbi xidmətə yola salınan gənclər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bir orduda xidmət edəcəklər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda regionun ən güclü və qüdrətli ordusuna çevrilən Silahlı Qüvvələrimizin Vətən Müharibəsində əsl qəhrəmanlıq, yüksək peşəkarlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdiyi vurğulanıb.

Çağırışçılar tədbir iştirakçılarını əmin edib ki, hərbi xidmətdə qalib Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlar.

Sonda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

Oxşar Xəbərlər