Azərbaycanlı və fransız gənclər Fransa Milli Assambleyasına müraciət edib

Fransada fəaliyyət göstərən Xəzər Araşdırmalar Mərkəzi Cənubi Qafqaz bölgəsində Ermənistanın yolverilməz davranışı ilə əlaqədar Fransa Milli Assambleyasının deputatlarına, senatorlarına, aparıcı KİV-lərə və tanınmış jurnalistlərə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən QİA.AZa verilən məlumata görə, məktubda 30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müxtəlif xarakterli cinayətlərə diqqət cəlb edilib. Bu cinayətlərin arasında Azərbaycanın zəngin tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm aktları, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasından öncə və sonrakı dövrdə ölkəmizin Qarabağ bölgəsində minalar yerləşdirilməsi, bu hərbi cinayət nəticəsində Azərbaycanda mina qurbanlarının sayının artması, ölkəmizin ərazisindən keçən və Araz çayına qovuşan Oxçuçayın kütləvi və davamlı şəkildə çirkləndirilməsi, bu çayların suyundan istifadənin flora, fauna və insan sağlamlığı üçün böyük təhlükə olması kimi faktlar sadalanıb.

Məktub müəllifləri qeyd edilən məsələlərdən ciddi narahatlıqlarını bildirərək, Fransa ictimaiyyətini Cənubi Qafqaz bölgəsində təhlükəsizlik və ətraf mühitin qorunması ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməsi üçün Ermənistana təsir etməyə çağırıblar.

Qeyd edək ki, Xəzər Araşdırmalar Mərkəzi öz sıralarında azərbaycanlı və fransız gəncləri birləşdirir.

Oxşar Xəbərlər