UEFA prezidenti Aleksander Çeferin bir neçə aparıcı klubun iştirakı ilə keçirilməsi nəzərdə tutulan Avropa Superliqasının yaradılacağı ilə bağlı xəbərə növbəti dəfə münasibət bildirib.
“QİA.AZ”ın məlumatına görə, sloveniyalı funksioner “Marca”ya açıqlamasında bu ehtimalı qəti şkildə rədd edib. O, bunu populist və ya siyasi ideya adlandırıb.
Çeferin bildirib ki, belə bir turnirin təsis edilməsindən söhbət gedə bilməz: “Bu, həmrəyliyə hörmətsizlik edən 2-3 klub prezidentinin xülyasıdır. Onları özlərindən başqa heç nə narahat etmir. Bununla hətta öz komandalarına ziyan vuracaqlar. Yəqin, hələ bunu dərk etmirlər. Bu, qeyri-ciddi ideyadır”.
Qeyd edək ki, bu ilin oktyabrında Britaniya nəşrləri FIFA-nın dəstəyi ilə təşkili planlaşdırılan Avropa Superliqasında “Mançester Yunayted” və “Liverpul”un da iştirak edəcəyini yazıb. İddiaya görə, turnirin yaradılmasına 4,6 milyard funt-sterlinq məbləğində vəsait ayrılması üçün danışıqlar gedir. Superliqanın başlama tarixi isə 2022-ci il olaraq göstərilib.