Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında davam edən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
QİA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunublar.
Qeyd edək ki, yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb və bu səbəbdən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.