Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əhatə etdiyi ərazilərdə meşə yanğınlarını yarada biləcək səbəblərin müəyyən edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsinə dair tədbir və monitorinq keçirilib.
“QİA.AZ” xəbər xəbər verir ki, tədbir və monitorinq Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilib.
12 avqustda FHN-in Gəncə Regional Mərkəzində keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat idarəsinin, Gəncə Regional Mərkəzinin, Gəncə Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, regional meşə təsərrüfatı mərkəzlərinin, regional ekologiya idarələrinin, Göygöl Milli Parkının və bölgədə yerləşən dövlət qoruqlarının, habelə Gəncə Şəhər Baş Polis İdarəsinin və ətraf rayonların polis şöbələrinin məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirdə meşələrdə yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib, yanğınların qarşısının alınmasında müvafiq yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin vacibliyi diqqətə çatdırılıb. Mövcud problemlərin müzakirə olunduğu toplantıda yanğın təhlükəsizliyinə dair tələblərə düzgün əməl edilməsinə nəzarətin gücləndirilməsinin zəruriliyi də vurğulanıb.
Avqustun 13-də isə Göygöl Milli Parkının ərazisində monitorinq aparılıb. Monitorinq zamanı Göygöl Milli Parkının şəxsi heyətinin lokal xarakterli meşə yanğınlarının söndürülməsinə hazırlığı yoxlanılıb, yanğınsöndürmə alət və avadanlıqlarına baxış keçirilib, həmçinin zəruri tövsiyələr verilib, fikir mübadiləsi aparılıb.