Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi.
Bunu Prezident İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“İki illik sədrlik dövründə biz mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürdük və beynəlxalq birliyin gündəliyində duran vacib qlobal məsələlərə toxunduq. İndi isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq və BMT baş katibinin təşəbbüslərinə dəstək oluruq, xüsusilə COVID ilə mübarizə sahəsində. Bildiyiniz kimi, ötən ilin sonunda Qoşulmama Hərəkatının sədri kimi bizim təşəbbüsümüzlə koronavirusa həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir və bu da bu xəstəliyə qarşı bizim qlobal mübarizəyə bir töhfəmiz idi. Həmçinin milli qisimdə 30-dan çox ölkəyə yardım göstərmişik. Maliyyə, humanitar yardımı göstərmişik, biz dəstəyə ehtiyacı olan ölkələrlə peyvəndləri paylaşmışdıq. Bu, bizim beynəlxalq birliyin məsul üzvü kimi gündəliyimizi nümayiş etdirir”.