Prokurorluq orqanlarına qəbulla bağlı müsabiqənin test imtahanı keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutması məqsədi ilə gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında prokurorluqda qulluğa qəbulu istiqamətində görülən tədbirlər davam etdirilir.

QİA.AZ xəbər verir ki, Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 08 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 23-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir.

İmtahan koronavirus epidemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq namizədlərin iştirakı ilə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçirilmişdir. İmtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə etmişlər.

Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 406 namizəddən 382 nəfəri imtahanda iştirak etmiş, onlardan 70 və daha artıq bal toplamış 181 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanmışdır.
Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilmişdir.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir.

Oxşar Xəbərlər