Azərbaycan Premyer Liqası: “Sabah” ilk qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.

QİA.AZ-ın məlumatına görə, VIII turun açılış matçında “Sabah” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. Masazırdakı “Bank Respublika Arena”da baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hər 2 qol fasilədən sonra vurulub. 60-cı və 83-cü dəqiqələrdə Fofana Tiemoko, 79-cu dəqiqədə isə Ceyhun Nuriyev fərqlənib. Bu, paytaxt təmsilçisinin cari mövsümdə ilk qalibiyyəti olub. 11-ci dəqiqədə qonaqların heyətində Murad Xaçayev birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 43-cü dəqiqədə isə “Sabah”ın yarımmüdafiəçisi Petar Şkuletiç zədələnərək meydanı tərk edib.

3 gün öncə Ramin Quliyevi istefaya göndərən “Sabah”ı bu oyuna baş məşqçi qismində klubun idman direktoru İqor Ponomaryov çıxarıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran “Sabah”ın mövqeyi dəyişməyib və komanda sonuncu pillədə qalıb. “Sumqayıt” isə 8 xalla 5-cidir.

Qeyd edək ki, günün ikinci oyununda “Neftçi” “Zirə”ni qəbul edəcək. Turun digər 2 matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, “Qəbələ” səfərdə “Keşlə” ilə, “Qarabağ” isə “Səbail” ilə üz-üzə gələcək.

Oxşar Xəbərlər