Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı tarixi hadisədir. Hava limanının açılışı həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın gücünə güc qatacaq, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsinə imkan verəcək.
Bu sözləri QİA.AZ-a açıqlamasında Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov söyləyib.
O bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizi – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu bölgə ilə yanaşı, bütün region ölkələri üçün əhəmiyyətli olacaq, iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malikdir. Yəni, Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Bəxtiyar Əsgərov Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixə malik olduğunu söyləyib. Diqqətə çatdırıb ki, ölkələrimiz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdiriblər. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdi. Ulu öndər Heydər Əliyev müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq mesaj qoydu: “Bir millət, iki dövlət, Azərbaycan-Türkiyə”.
Nümayəndəliyin rəhbəri qeyd edib ki, ölkələrimiz arasındakı qardaşlıq münasibətləri hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Azərbaycan-Türkiyə əlaqələri, qardaşlığı isə Vətən müharibəsində demək olar ən pik nöqtəyə çatdı. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz.