Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyi tərəfindən Türkiyə Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən QİA.AZ-a verilən məlumata görə, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən səfir Cahit Bağcı bildirib ki, Türkiyə Cümhuriyyəti yaradılmasından ötən 98 ildə həm daxili, həm xarici düşmələrin hücumlarına, təhdidlərinə məruz qalıb, onlara qarşı böyük müqavimət göstərərək bütün çətinlikləri geridə qoyub. Getdikdə daha da güclənən Türkiyə təhdidlərə qarşı hər cür yolları, strategiyaları inkişaf etdirərək bu günlərə gəlib çıxıb, regional gücə və qlobal aktora çevrilib.
Səfir qeyd edib ki, Türkiyə qardaş Azərbaycanla “Bir millət, iki dövlət” fəlsəfəsinə və Şuşa Bəyannaməsinin hədəflərinə uyğun şəkildə münasibətlərinin daha da dərinləşdirilməsi, genişləndirilməsi üçün böyük səylə çalışır.
Sonra Cahit Bağcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaranmasının 98-ci ildönümü münasibətilə xalqa müraciətini oxuyub.
Rəsmi qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
Bildirib ki, Türkiyə Cümhuriyyətinin 98 il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan rifah və quruculuq yolu türk xalqının nələrə qadir olduğunu dünyaya göstərib. Xüsusən, son illərdə Türkiyə Cümhuriyyəti türk dünyasının böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib. Cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrət doğuran uğurlar qazanılıb.
Spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımız XX yüzilin əvvəllərində Çanaqqala savaşında da, Bakının erməni-bolşevik zülmündən və əsarətindən xilas edilməsi uğrunda döyüşlərdə də, 2020-ci ilin sonlarında erməni faşizminə qarşı Vətən müharibəsində də bir idilər, bu gün də birgədirlər, həmişə birlikdə olacaqlar.
O, xatırladıb ki, 10 gündən sonra Azərbaycan Zəfər gününü ilk dəfə qeyd edəcək. Torpaqlarımızın işğalına son qoymaq, Qarabağda Azərbaycan bayrağını yüksəltmək üçün ötən il müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar zamanı dünya Türkiyə–Azərbaycan dostluğuna və qardaşlığına bir daha şahid oldu. Müharibənin ilk dəqiqələrindən sonuna qədər Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan haqq işi uğrunda mübarizədə tək deyil. Türkiyə və onun lideri hər yerdə və hər zaman Azərbaycanın yanındadır.
Spiker diqqətə çatdırıb ki, ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaradıb. Bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.
Sonra tədbir rəsmi ziyafətlə davam edib.