Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində mikro biznesin yaradılması üçün kənd sakinlərinə dəstək göstəriləcək.
Bu barədə “QİA.AZ” İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Bildirilib ki, bu məqsədlə KOBİA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun sakinlərinə biznes fəaliyyətinə başlanması və məşğulluğun təmin edilməsi üçün dəstək göstəriləcək. Əməkdaşlıq çərçivəsində ilkin mərhələdə 22 nəfər Zəngilan sakini özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik biznes sahələri yaradılacaq. Proqrama cəlb olunan şəxslər təlimləri və qiymətləndirmə mərhələsini uğurla başa vurduqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən fəaliyyət sahələrinə uyğun olaraq müvafiq avadanlıqlarla təmin olunacaqlar.
Artıq sakinlərin məşğul olacağı fəaliyyət sahələrinin və bu istiqamətdə ehtiyaclarının müəyyən olunması üçün KOBİA və Aqrar Xidmətlər Agentliyi tərəfindən sakinlərlə görüşlər keçirilib. Müzakirələrin nəticəsi olaraq, avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. sahələr müəyyənləşdirilib.
Noyabrın 1-dən biznes təlimlərinə başlanılıb. Təlimlərdə iştirakçılar KOBİA-nın təlimçiləri tərəfindən biznes fəaliyyəti üçün zəruri biliklər, dəstək mexanizmləri barədə məlumatlandırılır, onları maraqlandıran suallar cavablandırılır.