Avropa Karate Federasiyası (EKF) İcraiyyə Komitəsinin növbəti videokonfransı keçirilib.
“QİA.AZ”ın məlumatına görə, görüşdə yaxın gələcəkdəki yarışlar və tədbirlər, həmçinin koronavirus pandemiyasının fəsadları müzakirə olunub.
Pandemiya səbəbindən 2021-ci ilin mayında İsveçin Göteborq şəhərində böyüklərin Avropa çempionatından yerli təşkilat komitəsi imtina etdiyindən, Tokio olimpiadasına lisenziya xalları verən bu məsul yarışın taleyi gündəmin əsas mövzusu olub.
EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov çıxışında Azərbaycanın 56-cı Avropa çempionatını keçirməyə hazır olduğunu bildirib. Lakin 2021-ci ilin 12-16 Mart tarixlərində Bakıda ilk dəfə Karate 1 seriyasından Premyer liqa turnirinin keçirləcəyini nəzərə alan qitə federasiyasının rəsmiləri, qısa zaman fasiləsi ilə 2 mötəbər yarışın eyni yerdə təşkil edilməsini o qədər də məqsədəuyğun hesab etməyiblər.
EKF-in prezidenti Antonio Espinos Azərbaycanın Karate1 Premyer Liqa turnirini Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi yüksək səviyyədə təşkil edəcəyindən əmin olduğunu bildirib. Görüşdə qitə çempionatına alternativ yerin təyin olunması barədə yekun qərarın dekabrın 15-dək veriləcəyi nəzərə çatdırılıb.
EKF-in bu il Bakıda təxirə salınan konqresinin avqustda Finlandiyanın Tampere şəhərində yeniyetmələr və 21 yaşadək gənclərin qitə çempionatınadək ayrıca tarixlərdə, qitənin idarəedici orqanına seçkilərin isə Avropa birinciliyi günlərində keçirilməsi planlaşdırılıb. Lakin EKF prezidenti və İcraiyyə komitəsinin növbəti seçkiləri məhz bu dəfə 4 ilə yox, 3 il müddətinə qüvvədə olacaq.
Videokonfransda həmçinin İcraiyyə komitəsinin digər üzvlərinin və komitə sədrlərinin fikirləri dinlənilib. Hakimlər komitəsinin sədri Xavyer Eskalante martda Bakıda Karate1 Premyer Liqa turnirindən əvvəl dünya hakimlərinin seminarı və imtahanından danışıb. Xatırladaq ki, Dünya Karate Federasiyasının (WKF) Toko Olimpidasını idarə edəcək hakimlərlə bağlı tərtib etdiyi 16 nəfərlik ilkin siyahıda azərbaycanlı beynəlxalq hakim Cahangir Babayev də var.