8 Noyabr – Zəfər Günü münasibətilə Londondakı Fəxri Artilleriya Muzeyində ziyafət təşkil edilib.
Bu barədə “QİA.AZ”a Müdafiə Nazirliyindən məlumat verilib.
100 nəfərdən çox qonağın qatıldığı tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Britaniyadakı hərbi attaşelik aparatının təşkilatçılığı və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib.
Tədbirdə Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş bir çox səfirliklərin nümayəndələri, o cümlədən Azərbaycana dost dövlətlərin səfirləri, çoxsaylı ölkələrin hərbi attaşeləri, media nümayəndələri, Britaniyadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Tədbiri açıq elan edən Elin Süleymanov 8 Noyabr – Zəfər Gününün müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb.
O qeyd edib ki, bir il öncə Azərbaycan torpaqlarını işğaldan azad etməklə təkcə öz ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa edib, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsini təmin edib. Səfir, həmçinin bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünün də qeyd edildiyini diqqətə çatdıraraq Azərbaycanın müstəqil, sürətlə inkişaf edən və mütərəqqi dövlət olduğunu söyləyib. O, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçirən və əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq etdiyini deyib. Səfir Süleymanov hələ 100 il öncə bütün vətəndaşlarına bərabər hüquqlar vermiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının 9 noyabr tarixində daha bir əlamətdar tarixi – dövlətçilik rəmzlərindən biri olan Bayraq gününü qeyd etdiyi barədə də məlumat verib.
Daha sonra çıxış edən Azərbaycan ordusunun Londondakı hərbi attaşesi polkovnik Vüqar Əhmədov Silahlı Qüvvələrin yaranmasının tarixindən, müstəqilliyin bərpa olunmasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışıb, bugün ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın regionun ən böyük ordusuna sahib olduğunu vurğulayıb. Möhtəşəm qələbədə Azərbaycan ordusunun qəhrəmanlıqlarından bəhs edən hərbi attaşe bildirib: “100 il əvvəl himnimizdə yazıldığı kimi, minlərlə can qurban oldu, sinən hərbə meydan oldu, hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”. O diqqətə çatdırıb ki, “güclü liderlik, birgə fədakar vətənpərvərlik və şəxsi heyətin peşəkarlığı” qələbəmizin təmin edilməsində üç əsas faktor olub. Əhmədov zəfər gününü vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları sayəsində qeyd etdiyimizi, onlara daim minnətdar olacağımızı vurğulayıb. Hərbi attaşe hazırda Azərbaycanın bütün səylərinin regionda davamlı sülhün əldə edilməsinə yönəldiyini əlavə edib.
Tədbirdə çıxış edən Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib, Azərbaycanın yaxın dostu olduğunu, Azərbaycan xalqına dərin rəğbət hissi bəslədiyini qeyd edib. Lord Evans Vətən müharibəsində əldə edilmiş qələbəmizə həsr etdiyi şerini səsləndirərək “nə yaxşı ki, Azərbaycan Qarabağı geri qaytardı deyib”. Britaniya ilə Azərbaycan arasında uzun illər davam edən əməkdaşlıqdan da bəhs edən parlamentari ölkəsinin bundan sonra da Azərbaycanla əməkdaşlığı davam etdirməkdə və daha da gücləndirməkdə maraqlı olduğunu ifadə edib.
Ziyafət zamanı Britaniyada yaşayan Azərbaycanlı musiqiçilər – əməkdar incəsənət ustası, tarzən Rafiq Rüstəmov, skripkaçı Səbinə Rakçeyeva, eləcə də əslən Türkiyəli opera ifaçısı Oya Ərgünün ifasında Azərbaycanın milli və klassik musiqiləri səsləndirilib. Artilleriya muzeyi binasına Azərbaycan bayrağı və Xarı bülbül simvolları işıqlı proyeksiya ilə əks etdirilib. Tədbirin sonunda Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və digər Azərbaycan musiqiləri fonunda tərtib edilmiş təntənəli atəşfəşanlıq olub.
Sonda 15 dəqiqə davam edən atəşfəşanlıqda London səması Azərbaycan bayrağının rənglərinə bürünüb.