Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovdan:
– Möhtərəm cənab Prezident.
Sizi Özbəkistanda yaşayan azərbaycanlılar, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi adından tarixi Zəfərin birinci ildönümü münasibətilə qürur hissi ilə təbrik edirik. Torpaqlarımızı 30 illik işğaldan azad etdiyinizə, Azərbaycan xalqına böyük Qələbə bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Azərbaycan Respublikası yaşadıqları ölkələrdən asılı olmayaraq bütün azərbaycanlıların əbədi Vətəni olaraq qalacaq. Biz Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti hər zaman dəstəkləyəcəyik.
Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın siyasi səhnəsində öz yerini möhkəmləndirdi, beynəlxalq miqyasda nüfuzunu daha da artırdı. Bununla yanaşı, Siz tarixi Qələbə ilə Azərbaycan xalqının özünə inamını qaytardınız, ona yenidən ruh verdiniz. Əminik ki, işğal dövründə dağıdılmış şəhərlər, kəndlər, qəsəbələr xalqın Sizə olan dəstəyi ilə yenidən qurulacaq və bərpa olunacaq. Artıq bu istiqamətdə görülən işlər göz qabağındadır.
Hörmətli cənab Prezident, Özbəkistanda yaşayan diaspor üzvləri həmişə olduğu kimi, Azərbaycan və Özbəkistan arasında əlaqələrin genişləndirilməsi üçün öz töhfələrini verirlər. Həmvətənliləriniz Sizin Özbəkistana gəlməyinizi səbirsizliklə gözləyirlər.
Möhtərəm Prezident, Sizi Zəfər Günü münasibətilə bir daha təbrik edirik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq.
XXX
“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan:
– Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi və xalqımızı “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Yunanıstanın azərbaycanlı icması adından Zəfər bayramı münasibətilə təbrik edirik. İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün göstərdiyiniz iradə və qətiyyət sayəsində İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazandıq. Zəfər Günü bizim Qarabağımıza qovuşduğumuz tarixi bir gündür. Həmin gün Qarabağ münaqişəsinə ölkəmizin möhtəşəm Qələbəsi ilə nida qoyduğunuz gündür. Siz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda ulu öndərimiz Heydər Əliyevin başlatdığı mübarizəni layiqli şəkildə davam etdirdiniz və uğurla sona çatdırdınız. Qarabağın düşmən tapdağından qurtulması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz 44 gün ərzində mümkünsüzü mümkün edərək bizə həddi-hüdudu olmayan sevinc hissi yaşatdı.
Möhtərəm cənab Prezident, Siz hərb və diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da zəfər qazandınız, düşmənə ağır zərbələr vurdunuz. Bu Qələbə ilə Siz haqqı, ədaləti bərpa etdiniz.
Hörmətli Prezident, Sizə, ən yaxın silahdaşınız olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlətimizin daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza rifah və əmin-amanlıq arzulayırıq. Bütün sahələrdə qələbə Azərbaycanladır!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müzəffər Ali Baş Komandanımız!
XXX
İordaniyadakı Azərbaycan diasporunun rəhbəri və əlaqələndiricisi Zümrüd Dadaşovadan:
– Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi və bütün xalqımızı İordaniyadakı Azərbaycan diasporunun üzvləri adından Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirik. 44 günlük müharibə dövründə biz Vətəndən uzaq olsaq da, bütün qəlbimizlə, dualarımızla əsgərlərimizin yanında idik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin.
Cənab Prezident, qazanılan böyük Qələbə Sizin Ali Baş Komandan kimi müdrik rəhbərliyinizin, Ordumuzun yüksək peşəkarlığının və xalqımızın birliyinin nəticəsidir. “Dəmir yumruq” gücünü göstərdi və torpaqlarımız düşmən tapdağından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. İşğaldan azad edilmiş ərazilərdə hazırda Sizin rəhbərliyinizlə həyata keçirilən bərpa, yenidənqurma işləri bizi çox sevindirir.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, Vətənimiz Azərbaycana sülh, əmin-amanlıq, tərəqqi arzulayırıq.
XXX
“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri Mayis Məmmədovdan:
– Hörmətli cənab Prezident.
“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı adından Sizi və Sizin şəxsinizdə Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpasının təcəssümü olan milli bayram – Zəfər Günü münasibətilə təbrik edirəm. Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə dövlətçiliyin və ölkənin suverenliyinin möhkəmlənməsi naminə birlik, əzmkarlıq, dönməz iradə rəmzi kimi həmişəlik yazılıb.
Hörmətli cənab Prezident, bütün Azərbaycan xalqının bu tarixi Qələbəsi, ilk növbədə, Sizin sayənizdə, öz xalqını həmişə düzgün yola yönəldən dünyamiqyaslı siyasətçinin sayəsində qazanılıb. Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Biz həmvətənlər, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq Sizi dəstəkləyirik, Sizə heyranıq, Azərbaycanın sabitliyi və firavanlığı naminə əlimizdən gələni edəcəyik.
Azərbaycan ilə Rusiya arasında böyük dostluq çox uzun müddətdir davam edir. Azərbaycan və Rusiya xalqları həmrəydir və mürəkkəb şəraitdə bir-birinə kömək etməyə hazırdır. Ümidvaram ki, illər keçdikcə Rusiya-Azərbaycan dostluğu inkişaf, firavanlıq və iki dövlət arasında əməkdaşlıq naminə daha da dərinləşəcək və möhkəmlənəcək.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, davamlı tərəqqi yolunda hər zamankı kimi inamlı irəliləyiş, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm.
XXX
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən:
– Hörmətli cənab Prezident.
Yaponiyada yaşayan azərbaycanlılar adından böyük qürur və fəxarət hissi ilə Sizə 8 Noyabr – Zəfər Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.
Böyük sevinc hissi ilə vurğulayırıq ki, bu Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalına son qoyuldu, uzun müddət işğal altında qalan torpaqlar qanuni sahiblərinə qaytarıldı. Qətiyyətlə bildiririk ki, doğma Azərbaycanımızın inkişafında və işğal nəticəsində böyük dağıntılara məruz qalmış ərazilərimizin bərpa edilməsində bu Qələbənin mühüm töhfələri olacaq.
Cənab Prezident, Azərbaycan-Yaponiya Dostluq Mərkəzi yapon və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylərini bundan sonra da davam etdirəcək.
Zati-aliləri, Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə doğma Azərbaycanımızın daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirik.
Xahiş edirik, ən səmimi arzularımızı və salamlarımızı qəbul edin.
XXX
Xalq şairi Nəriman Həsənzadədən:
– Cənab Prezident!
Bu gün mənim şeirim, sözüm, hecam, qafiyəm İlhamdır!
Qarabağ Azərbaycandır!
Qarabağnaməm İlhamdır!
XXX
Misir parlamentinin sabiq birinci vitse-spikeri, Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şərifdən:
– Zati-aliləri,
8 Noyabr – Zəfər Günü münasibətilə Sizə iftixar hissi ilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Bu Qələbə ilə qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış torpaqlarını geri qaytarmışdır. Qazanılan Zəfər həm Azərbaycanın, həm də bütövlükdə regionun inkişafına və çiçəklənməsinə töhfə verəcək.
Mən Azərbaycana bir neçə dəfə səfər etmişəm. Ölkənizdə müxtəlif sahələrdə şahidi olduğum inkişafdan çox məmnunam. Eyni zamanda, qardaş ölkədə dinc yanaşı yaşamanın və plüralizm dəyərlərinin bariz nümunəsini, həmçinin xalqlarımız arasında dərin məhəbbətin olduğunu görmüşəm.
Zati-aliləri, arzu edirəm ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim əmin-amanlıq və tərəqqi içində yaşasın.
Bir daha Sizə səmimi salamlarımı və xoş arzularımı çatdırıram.
XXX
Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən:
– Möhtərəm cənab Prezident.
İcazə verin, Zəfər Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edim.
Bu Zəfər yaşından, cinsindən, təhsilindən, karyera mövqeyindən, yaşadığı yerdən, dini etiqadından asılı olmayaraq hər bir azərbaycanlını, yəni bütün Azərbaycan xalqını sevindirir, ruhlandırır.
Hiyləgər və məkrli düşmən üzərində çoxdan gözlənilən bu Qələbə təhqir edilmiş şərəfin bərpası və ali ədalətin təntənəsi, Vətən torpaqlarının azad edilməsi naminə qazanılıb.
Bu Qələbə asanlıqla qazanılmayıb – biz Birinci və İkinci Qarabağ müharibələrində şəhidlər vermişik, onların xatirəsini unutmayacağıq, onların qəhrəmanlıqları daim tərənnüm ediləcək. Mən onların məzarları qarşısında, analarının, atalarının, həyat yoldaşlarının və uşaqlarının qarşısında bu ağsaçlı başımı əyirəm!
Rəşadətli Ordumuz cəsarət, hərbi məharət və igidlik möcüzələri göstərdi. Ordumuza eşq olsun!
Bizim böyük Zəfərimizdə Sizin ən mühüm rolunuzu qeyd etməyə bilmərəm.
Dövlət rəhbərlərinin qiymətləndirilməsi üçün bəşəriyyətin çoxəsrlik tarixində formalaşmış meyarlar var – dövlətin suverenliyini və onun sərhədlərinin təhlükəsizliyini qorumaq bacarığı, millətin sağlamlığı, demoqrafik və ekoloji sabitlik, siyasi və iqtisadi müstəqillik, xalqın əxlaqi dəyərlərinin və indentikliyinin qorunub saxlanılması – Siz yuxarıda sadalananların hamısını tam təmin etməyə nail oldunuz.
Döyüş əməliyyatları dövründə Sizin strateji qərarlarınız sadəcə hərbi baxımdan müdrik və cəsarətli qərarlar deyil, həm də xüsusən diplomatik məkanda müstəsna dəqiq qərarlar olub.
Mən uzun müddətdir ki, xaricdə yaşayıram və öz tarixi Vətənimizi heç vaxt unutmuram. Yaşımın bu cağında mən mənəvi rahatlıq qazandım. Sizi Zəfər bayramı münasibətilə bir daha təbrik edirəm.
Yaşasın Azərbaycan!!!
XXX
Azərbaycanda fəaliyyət göstərən qazaxıstanlı sahibkarlardan:
– Hörmətli cənab Prezident.
Biz, Azərbaycanda işləyən qazax sahibkarlar Sizi və qardaş Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik.
Ölkənizdə olduğumuz müddətdə biz Sizin rəhbərliyinizlə tarixi ədalətin təntənəsini təmin etmiş və Azərbaycanın işğal altında olan torpaqlarını qaytarmış ordunuzun misilsiz igidliyinin, iradəsinin və qətiyyətinin şahidi olduq.
Qarabağın azad edilməsi təkcə Azərbaycanın nailiyyəti deyil, türk dünyasının bütün xalqları üçün qürur mənbəyidir.
Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji, yorulmaq bilməyən fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirik.
Zəfər bayramınız mübarək!
Yaşasın Azərbaycan!
XXX
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:
– Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirəm.
Bütün türk dünyasına qürur yaşadan Azərbaycanın şanlı Qələbəsi, eyni zamanda, tarixi ədalətin bərqərar olmasıdır. Sizin sarsılmaz iradəniz və müdrikliyiniz, Azərbaycan Ordusunun tükənməz əzmi və xalqın birliyi nəticəsində artıq doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalanır. Siz heç bir beynəlxalq maneəyə məhəl qoymayaraq bütün dünyaya bəyan etdiyiniz cəsarətli çıxışlarınız və dərin siyasi düşüncə ilə atdığınız diplomatik addımlar nəticəsində ata vəsiyyətini parlaq şəkildə yerinə yetirdiniz. Bu gün işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə heyrətamiz dərəcədə yenidənqurma və bərpa işlərinin aparılması, müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi Azərbaycanın hərtərəfli inkişaf etmiş bir dövlətə çevrilməsinin sübutudur.
Sizin təşəbbüsünüzlə yaradılan, türkdilli xalqların zəngin irsinin təbliği və qorunması istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müqəddəs Zəfər Günü ilə qürur duyur. Fondun bundan sonra da qurucu üzv dövlət kimi Azərbaycanın mədəni sahədə inkişafı və çoxəsrlik mədəni dəyərlərinin tanıdılması naminə daha artıq şövqlə fəaliyyət göstərmək əzmini yüksək diqqətinizə çatdırmaq istəyirəm.
Sizi bir daha möhtəşəm Zəfər Günü münasibətilə təbrik edir, ali dövləti vəzifənizdə böyük uğurlar, Azərbaycan xalqına daim firavanlıq arzu edirəm.
XXX
“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri Levent Kafkaslı Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə böyük sevinc, fəxarət və qürur hissi ilə Sizə “Tekfen İnşaat” şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.
Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, əzmkarlığınız və qətiyyətiniz sayəsində möhtəşəm Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünün, xalqın qəhrəmanlığının göstəricisidir. Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm.
Bu tarixi gündə başda Müzəffər Ali Baş Komandan olmaqla dost və qardaş Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, sülh, əmin-amanlıq, daim zəfərlər arzulayıram”.
XXX
İordaniya Krallığında fəaliyyət göstərən Azərbaycan Universitetləri və İnstitutları Məzunlar Klubunun prezidenti Abu İnnab Ayham Rasmidən:
“Hörmətli cənab Prezident. Sizi və Sizin timsalınızda Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində qazanılan Zəfər münasibətilə təbrik edir, daim qələbə ruhunda yaşamağınızı arzulayıram.
Azərbaycan xalqının 30 il ərzində çəkdiyi iztirablar yaxın tarixi keçmişdə baş vermişdir və artıq tarixin yaddaşına həkk olunmuşdur. Xalqınız bu illər ərzində ruhən daha da gücləndi, döyüş əzmi, ordunuzun gücü daha da artdı.
Möhtərəm Prezident, Sizin liderliyiniz, hadisələrə siyasi baxışınız, təmkinliliyiniz və ən önəmlisi savaş ruhunuz Azərbaycan Ordusunun dünya səviyyəsində formalaşmasında böyük rol oynadı.
Sizin əmriniz, ordunuzun gücü ilə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ uğrunda 44 gün ərzində döyüşərək Qələbə qazanmağınız bütün dünyaya örnək oldu. Böyük çətinliklər hesabına haqq uğrunda apardığınız mübarizədə əldə etdiyiniz bu Qələbə əbədi olaraq sizinlə olsun!
Bütün dünya azərbaycanlıları üçün əlamətdar bayram olan Zəfər bayramınız münasibətilə Sizi təbrik edir, xalqın vətənpərvərlik ruhunun heç zaman sönməməsini arzulayıram”.
XXX
Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağdan:
“Zati-aliləri, 8 Noyabr – Zəfər Günü, dost Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış torpaqlarını geri qaytarması münasibətilə Sizə səmimi təbriklərimi və xeyir-dualarımı çatdırmaqdan fəxr və sevinc hissləri duyuram. Zati-alinizin müdrik rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti ilə respublikanızda təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunub saxlanılması istiqamətində fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzu edirəm”.
XXX
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən:
“Möhtərəm cənab Prezident, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından Sizə tariximizə şərəfli gün kimi yazılmış 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuruq. Siz ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək böyük zəhmətinizlə torpaqlarımızı işğaldan azad etdiniz. Məhz Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan xalqı, rəşadətli ordumuz onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoydu, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ikili standartları zərərsizləşdirdi.
Bu şanlı Zəfər birliyin, dönməzliyin və əyilməz iradənin rəmzi kimi Azərbaycanımızın, eləcə də bütün türk dünyasının tarixinə qızıl hərflərlə əbədi həkk olundu.
Azərbaycan xalqının düşüncə və fikir birliyinin yüksək səviyyəyə qalxmasına imkan verən, regionda faydalı əməkdaşlığa yeni üfüqlər açan möhtəşəm Zəfər münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirik. Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza əmin-amanlıq, tərəqqi, firavanlıq arzulayırıq”.
XXX
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyevdən:
“Hörmətli cənab Prezident, Sizi Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi və Gürcüstanda yaşayan azərbaycanlılar adından Zəfər Günü – Qarabağ torpaqlarının işğaldan azad edilməsinin ildönümü münasibətilə ürəkdən təbrik edirik.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması naminə yorulmaz fəaliyyətinin Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində ölkənin ərazi bütövlüyü bərpa edildi. 44 gün davam edən və şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən uğur təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi nailiyyətidir.
Bu böyük Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, şücaətiniz və son məqsədə çatacağınıza qəti inamınız sayəsində əldə edildi. Bu Qələbə bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Bütün dünya Azərbaycan xalqının öz dəyərlərinə necə sahib çıxdığını gördü. Siz xalqa müraciətlərinizdə dəfələrlə düşmənə yumruq göstərmisiniz. Sizin “dəmir yumruğunuz” birliyimizin rəmzinə çevrildi.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi və Azərbaycan xalqını bir daha bütün soydaşlarımız adından təbrik edirik. Sizə möhkəm cansağlığı, həyata keçirdiyiniz daxili və xarici siyasətdə uğurlar arzu edirik”.
XXX
Fransanın “CIFAL” şirkətlər qrupunun prezidenti Jil Remidən:
“Cənab Prezident. Bir il bundan əvvəl Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu münasibətlə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırıram.
Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq aləmdə danılmaz rolu olan müstəqil və güclü bir ölkəyə çevrilmişdir.
Artıq bir ildir ki, Siz geniş potensialı olan Qarabağ regionunun yenidən qurulması və inkişafı ilə bağlı çox böyük işlərə başlamısınız. Bu potensialın nə qədər böyük olduğunu bir neçə gün bundan əvvəl Bakıda olduğum müddətdə “Rebuild Karabakh” – “Qarabağın bərpa, yenidənqurma və inkişafı” sərgisini ziyarət etdiyim zaman gördüm.
Mən ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə töhfə vermək üçün fransız və azərbaycanlı tərəfdaşlarımızla işləməyə davam edəcəyəm.
Cənab Prezident, yaxın zamanda görüşmək şərəfinə nail olmaq ümidi ilə Sizə səmimi salamlarımı və dərin ehtiramımı çatdırıram”.
XXX
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovdan:
“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan. Bir il əvvəl Sizin komandanlığınızla rəşadətli Ordumuz əsl qəhrəmanlıq göstərdi, Ermənistanın ardıcıl təxribatlarının və yeni məkrli planlarının qarşısını almaq, işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə çox böyük uğurlar əldə etdi. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri noyabrın 8-də 28 illik həsrətdən sonra işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək nadir əməliyyatlardan biridir. Sizin dediyiniz “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrildi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan Ordusu uğurla yerinə yetirdi, şəhidlərimizin qanı yerdə qalmadı. Ölkəmizin ərazisinin ayrılmaz tərkib hissəsi olan, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalmış Qarabağımızın cəmi 44 gün ərzində azad edilməsi Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşən Azərbaycan diaspor təşkilatlarının böyük sevincinə səbəb oldu.
Cənab Ali Baş Komandan, Sizin adınız bu Qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb. İşğal altındakı Vətən torpaqlarının azad edilməsi üçün göstərdiyiniz dəyanətə, əzmə, qətiyyətə görə Sizə minnətdarıq. Sizə uzun ömür, cansağlığı, yeni-yeni nailiyyətlər arzulayırıq. Biz, Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü cəsarətlə deyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik”.