Polis Akademiyasına qəbul qaydası təsdiqlənib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu qaydası təsdiq edilib.

QİA.AZ xəbər verir ki, qaydalar kollegiyanın sədri, general-polkovnik Vilayət Eyvazovun qərarı ilə təsdiqlənib.

Qaydaya əsasən, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, xüsusi rütbələr verilmiş, sıravi və kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində işləyən və ya polisin və Daxili İşlər Nazirliyi sisteminə daxil olan digər orqan və hissələrin kadrlarında olan Azərbaycan vətəndaşları daxili işlər orqanlarının əməkdaşları hesab olunurlar.

Daxili işlər orqanlarının əməkdaşları Akademiyaya ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbul edilirlər. Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulunun əsas məqsədi daxili işlər orqanlarının yüksək ixtisaslı mütəxəssislərə tələbatının ödənilməsi, daxili işlər orqanlarının fəaliyyət istiqamətləri üzrə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmaların aparılması, habelə daxili işlər orqanlarının əməkdaşlarının şəxsi və peşəkar inkişafının stimullaşdırılmasıdır.

Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir. Müsabiqədə iştirak üçün namizədlərin seçilməsi Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən həyata keçirilir. Müsabiqənin keçirilməsi üçün hər il azı 7 nəfərdən ibarət olmaqla Müsabiqə komissiyası yaradılır. Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Akademiyanın rəisi tərəfindən təsdiq edilir. Eyni şəxslərin təkrarən Müsabiqə komissiyanın tərkibinə daxil edilməsinə yol verilir. Komissiyanın işinə nüfuzlu hüquqşünaslar, alimlər və digər mütəxəssislər cəlb edilə bilərlər.

Daxili işlər orqanları əməkdaşlarının Akademiyada təhsili dövlət sifarişi (dövlət büdcəsinin vəsaiti) hesabına maliyyələşdirilir. Akademiyaya qəbul olunan əməkdaşlar Azərbaycan daxili işlər nazirinin əmri ilə xidmət yerində tutduğu vəzifədə saxlanılmaqla Akademiyanın sərəncamına ezam edilirlər. Bu zaman onların əmlak və maliyyə təminatı tutduğu vəzifə üçün müəyyən edilmiş normalar həcmində saxlanılır.

Akademiyaya qəbul olunan əməkdaşlar Akademiyanın sərəncamına ezam edildikdən sonra Akademiya rəisinin əmri ilə dəyişən heyətin sıralarına daxil edilirlər. Akademiyada təhsil alan əməkdaşların vəzifə və xidmət yerinin dəyişdirilməsinə, həmçinin ştat ixtisarı ilə əlaqədar xidmətdən xaric edilməsinə yol verilmir.

Təhsil müddətində əməkdaşlar tutduğu vəzifə üçün müəyyən edilmiş həddə növbəti xüsusi rütbəyə təqdim olunurlar. Akademiyada təhsil alan əməkdaşlar Akademiya rəisinin səlahiyyətləri çərçivəsində mükafatlandırıla və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər. Akademiyada təhsili müvəffəqiyyətlə başa vurmuş əməkdaşlar barədə məlumat ehtiyat kadrlar siyahısına daxil edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir, əməkdaşlar isə əvvəlki iş yerinə ezam edilirlər.

Oxşar Xəbərlər