Zeytun bitkisinin zərərvericiləri və karantin əhəmiyyətli xəstəlikləri

Azərbaycanda zeytun bitkisinin (Olea europea) zərərvericilərinin tədqiqatına keçən əsrin əvvəllərindən başlanılıb. Azərbaycan entomoloqları tərəfindən aparılmış tədqiqatlar nəticəsində respublika ərazisində əkilmiş mədəni zeytun bitkilərində 15 fəsiləyə aid 38 növ zərərverici təyin edilib ki, bu növlərdən 19-u Homoptera, 12-si isə Coleoptera dəstəsinə aiddir. Zeytun bitkisinin geniş yayılmış zərərvericilərinə zeytun güvəsi, zeytun milçəyi, zeytun qurdu və s. aiddir.

Zeytun güvəsinin (Prays Oleae) tırtılı bitkinin yarpağını, qönçəsini, çiçəyini və toxumlarının nüvəsini zədələyir. Zədələnmiş yarpaq və meyvələr vaxtından əvvəl tökülür. Zeytun güvəsi üç nəsil verir:

  • 1-ci nəsli: Yetkin fərdin yumurtalarından çıxan sürfələr yarpaqların üst səthində və təzə tumurcuq ucları arasında açdıqları lağımlarla qidalanır.
  • 2-ci nəsli: Yeni çıxan sürfələr salxımlarla qidalanır və salxımlardakı çiçəkləri və qönçələri məhv edərək meyvənin əmələ gəlməsinin qarşısını alır.
  • 3-cü nəsli: Zeytunun yetişməsi dövründə sürfələr meyvə sapının dibindən meyvəyə daxil olur, meyvə və meyvə sapının birləşdiyi hissəni məhv edərək meyvələrin tökülməsinə səbəb olur.

Zeytun milçəyi ( Bactrocera Oleae ) meyvələri zədələyərək məhsuldarlığı ciddi şəkildə aşağı salır. O, meyvə qabığının alt hissələrinə yumurta qoyur və bir neçə gündən sonra həmin yumurtalardan sürfələr çıxaraq meyvənin ləti ilə qidalanır. Beləliklə, meyvələrin çürüməsinə və tökülməsinə səbəb olur. Zərərvericiləri məhv etmək üçün qış mövsümündə torpaq şumlanmalı və sirayətlənmiş meyvələr yığılaraq ərazidən kənarlaşdırılaraq məhv edilməlidir.

Zeytun qurdunun ( Pollinia pollini ) sürfələri və dişicikləri zeytunun yarpaqlarında və zoğlarında dəlik açaraq onların şirəsini sorur və bunun nəticəsində zədələnmiş hissələr quruyur. Nəticədə məhsula böyük ziyan dəyir. Mübarizə tədbiri üçün payızda, meyvələr yığıldıqdan sonra bitkiləri fumiqasiya etmək çox fayda verir. Ağacların budaqlarını zədələnmiş hissələrdən təmizləmək və bitki qalıqlarını toplayıb yandırmaq lazımdır.

Zeytun bitkisinin xəstəliklərindən ən təhlükəlisi zeytun səpgisi və meyvə çürüməsidir.

Zeytun səpgisi və ya halqavari ləkə göbələk mənşəli xəstəliklərə aiddir. Bu xəstəliyin xarakterik əlaməti zeytunun cavan yarpaqlarında xırda zeytunu – qonur, məxmərə çalan ləkələrin əmələ gəlməsidir. Müəyyən müddətdən sonra ləkələrin ortasında yaşımtıl, dövrəsində isə açıq-sarı haşiyə əmələ gəlir. Ona görə də bu xəstəliyi halqavari ləkə xəstəliyi də adlandırırlar. Xəstəliyə sirayətlənmə nəticəsində bitkinin yarpaqları tökülür, meyvələrin inkişafı ləngiyir, məhsuldarlıq isə xeyli aşağı düşür. Xəstəliyin yayılmasının qarşısını almaq üçün yerə tökülmüş yarpaqları yığıb yandırmaq lazımdır.

Meyvə çürüməsi və ya Cüzam da göbələk mənşəli xəstəlikdir. Bu xəstəlik meyvələrin zərif lətini yetişmə mərhələsində zədələyir. Meyvələrin üzərində batıq – qəhvəyi ləkələr görünür. Meyvələr tökülməyə başlayır. Xəstəliyə qarşı vegetasiyanın əvvəlində və avqust-sentyabr aylarında ağaclara 1%- li Bordo mayesinin ikiqat çiləməsini aparmaq olar. Yoluxmuş yarpaqların və meyvələrin toplanılıb yandırılması, həmçinin ağacın budaqlarının hər il budanması və seyrəldilməsi səmərəli profilaktik tədbir hesab olunur.

Zeytun yalançı qalxanlı yastıcası (Saissetia oleae Olivier) – Zərərverici əsasən yarpağın alt hissəsində, nadir hallarda isə bitkinin gövdəsində yerləşir. Beləliklə, yarpaqlar şəkil dəyişdirir və güclü zədələr nəticəsində solur. S. oleae koloniyaları çox miqdarda şirə ifraz edir, nəticədə sahib bitkinin zəifləməsi baş verir və yarpaqlar, meyvələr tökülür, budaqlar isə quruyur. Belə hallarda məhsul itkisi 60-70 %-ə yaxın olur. Sonrakı illərdə isə zeytun ağacı bar verə bilmir. Zərərvericinin yayılmasının qarşısının alınması üçün S. oleae-nin sahib bitki növlərinin əkin materialı vegetasiya dövründə daşınmazdan əvvəl yoxlanılmalı və sirayətlənmədən təmizlənməlidir. Zərərverici ilə ilkin mübarizə üsulu bioloji tədbirlərin həyata keçirilməsidir. Bu zərərvericilərlə mübarizədə pestisidlərdən istifadə səmərəli hesab edilmir.

Zeytun yanığı xəstəliyi (Xylella fastidiosa Well) – Ksilema borularının bakteriya səbəbindən tıxanması nəticəsində mineral maddələrin və suyun hərəkətinin qarşısı alınır və xəstəliyin simptomları meydana gəlir. Ümumiyyətlə, xəstəliyin əlamətlərinə yarpaqların yanması, solması, defoliasiya, xloroz və cırtdanlaşma daxildir. Xəstəliyə yoluxmuş zeytun bitkisində məhsuldarlıq kəskin aşağı düşür. Belə ki, meyvələr quruyur, əsaslı məhsul itkisinə səbəb olur. Hətta xəstəliyin inkişafı bitkinin tamamilə məhv olmasına gətirib çıxarır. Xəstəliyin qarşısını almaq üçün zərərverici ilə sirayətlənmiş hissəyə qədər budaq və zoğlar budanmalıdır. Budanmış bitki qalıqları isə məhv edilməlidir. Vektor həşəratlara qarşı insektisid tətbiq edilməlidir. Zərərvericilərlə mübarizədə pestisidlərin istifadəsi səmərəli hesab edilmir.

Oxşar Xəbərlər