“Omikron”un canlı peyvənd ola biləcəyi ilə bağlı iddialara aydınlıq gətirilib.
Bu barədə açıqlama verən Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov hələlik bu yöndə elmi tədqiqat nəticəsi olmadığını deyib.
“Canlı peyvənd dedikdə “Omikron” ştammının daha yüngül formada xəstəlik yaradaraq, bunun sayəsində immunitet qazana biləcəyimiz nəzərdə tutulur. Sanki xəstəliyə yoluxarkən peyvənd vurdurmuş kimi oluruq. Lakin “Omikron” ştammının digər COVİD-19 ştammlarından daha yüngül xəstəlik yaratdığına dair elmi tədqiqat nəticəsi yoxdur. Ona görə də nəticələri gözləmək lazımdır” – deyə o bildirib.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına “omikron” adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
ÜST yeni “omikron” ştammının dünyanın 57 ölkəsində aşkar edildiyini bildirib.