Ötən həftə ərzində “omikron” ştammının yayılması ilə əlaqədar dünya üzrə koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə əsasən, son bir həftə ərzində dünyada 21 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 50 minə yaxın insan isə koronavirusdan ölüb.
Bildirilir ki, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 5 faiz, ölüm hallarının sayı isə 1 faiz artıb.
Rusiyada hətta uşaqlar arasında da yoluxma sayı kəskin çoxalıb. 2 həftə əvvəl Moskvada COVID-ə yoluxan uşaqların sayı 2 min idisə, indi bu rəqəm 28 mini ötüb. Yəni, 2 həftə ərzində uşaqlar arasında yoluxma sayı 14 dəfə artıb.
Sutka ərzində Fransa və Amerika Birləşmiş Ştatlarında isə 500 000-dən çox yoluxma faktı qeydə alınıb.
QİA.AZ-ın suallarını cavablandıran həkim-infeksionist Mərdan Əliyev qeyd edib ki, bir çox ölkədə, xüsusən Avropa ölkələrində “omikron” ştammı artmaqda davam edir. Ölkəmizdə də bu ştammın aşkarlanması ilə yoluxanların sayında artım müşahidə olunur.
“Artıq son günlərdə yoluxma sayı 3 mini keçib və “omikron” ştammının yoluxduruculuq qabiliyyəti yüksək olduğundan yoluxma sayı artmağa davam edəcək.
Böyük ehtimal, fevral ayının sonlarına doğru yoluxma sayı pik həddə çatacaq. Sonrakı aylarda isə artıq yoluxmalarda azalmalar olacaq. Yay aylarında isə koronovirus barəsində danışılmayacaq. Virusdan qorunmaq üçün insanlar bir-birilə sıx təmasdan çəkinməli, qapalı məkanlarda maskadan istifadə etməli, şəxsi-gigeyenik qaydalara riayət etməlidir. Riskli yaş qrupuna daxil olan insanlar daha çox ehtiyatlı olsunlar. Əsas da uşaqların yoluxma ehtimalı yüksəkdir. Lakin ağırlaşma ehtimalı çox aşağıdır.
Hazırda isə koronovirusun yeni ştammı olan “omikron”dan qorunmaq üçün ən effektiv üsul vaksinasiyadır. İnsanlar artıq “buster” (3-cü doza) doza vaksinasiya olunmalıdır. “Buster” doza qüvvətləndirici doza deməkdir. COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq bu virusa qarşı müqavimət azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster doza”nın vurulması tövsiyə olunur”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.