28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycan Respublikasında rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.
Xarici İşlər Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, V.Andreyeva ölkəmizi ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunda sədrliyə başlaması münasibətilə təbrik edərək sədr qismində ölkəmizin müəyyən etdiyi prioritetləri alqışlayıb və sədrlik dövründə ölkəmizə uğurlar arzulayıb. O, 2021-ci ilin oktyabr ayında BMTQAK missiyasının ölkəmizə səfər etməsini məmnunluqla xatırlayaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məsələsində BMTQAK-ın Azərbaycan hökumətinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
V.Andreyeva ölkəmizin BMT–nin digər ixtisaslaşmış qurumları və fondları ilə əməkdaşlığına toxunaraq BMT-nin Ətraf Mühit Proqramının işğaldan azad olunmuş ərazilərdə biomüxtəliflik və ekosistemlərin bərpasına dəstək göstərməyə hazır olduğunu bildirib. O, 2022-ci ildə qeyd olunacaq Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsininn 30 illiyi ilə əlaqədar il ərzində silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığı barədə məlumat verib.
Nazir Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrliyin vacibliyini vurğulayaraq ölkəmizin prioritetlərini təqdim etmək üçün Vyanaya səfər etdiyini və Forum çərçivəsində ATƏT iştirakçı ölkələrinin nümayəndə heyətləri ilə faydalı fikir mübadiləsi apardığını qeyd edib. Sədrlik dövründə Azərbaycanın bir sıra qlobal çağırışlara diqqət ayıracağını bildirib. BMTQAK missiyasının ölkəmizə səfərinin uğurla həyata keçdiyini bildirən nazir, həmçinin BMT-nin digər agentlikləri ilə faydalı əməkdaşlığın mövcud olduğunu ifadə edib.
Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən nazir, azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini xatırladıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsininn 30 illiyi ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən də bir sıra tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edilib.
Görüşdə, həmçinin miqrasiya, Dayanıqlı İnkişaf Məqsədləri və digər sahələrdə praktiki əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.