Gənc sahibkarlığın inkişafını dəstəkləyən yeni layihəyə start verilib – FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun və  “PAŞA Bank”ın dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP), Junior Achievement Azerbaijan (JAA – Azərbaycan Gənclərinin Nailiyyəti İB) təşkilatının birgə təşkilatçılığı ilə “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” adlı layihəyə başlanılıb.

QİA.AZ xəbər verir ki, xaricdə təhsil alan, eləcə də təhsilini artıq başa vurmuş gənclərin də cəlb olunduğu layihənin birinci hissəsi olan “İdeyanı dizayn et” adlı “Boot-camp” üç gün müddətində  keçirilib.

Açılış mərasimində JAA-nın icraçı direktoru Sevinc Məmmədova, “PAŞA Bank”ın əməkdaşı Fərhad Mansurov və ASAP-ın əməkdaşı Seyfur Hacımuradov çıxış edərək layihənin məqsədi ilə bağlı məlumat veriblər.

Bildirilib ki, layihənin əsas məqsədi sosial və ekoloji problemlərin həlli istiqamətində gənclərin ideyalarını dəstəkləmək, onların peşəkar bacarıqlarını formalaşdırmaq və gənclər arasında sahibkarlıq düşüncə tərzini inkişaf etdirməkdir.

Beləliklə, layihə Azərbaycanda startap ekosisteminin inkişafında gəncləri aktiv iştiraka təşviq edəcək. Xaricdə təhsil alan gənclər bu layihə vasitəsilə öz startaplarını formalaşdırmış olacaqlar.

Qeyd edək ki, 18-29 yaş arası gənclərin iştirakı ilə keçirilən layihə üç mərhələdə reallaşacaq.

Qalib olan üç komandaya layihələrinin ilkin hazırlanması prosesi ilə bağlı pul mükafatı veriləcək.

Oxşar Xəbərlər