Kəlbəcər rayonunun Ağdaban kəndində ermənilər tərəfindən törədilən faciədən 31 il ötür.
QİA.AZ faciə ilə bağlı faktları təqdim edir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib. 90 -100 yaşlarında olan 8 nəfəri, 2 azyaşlı uşağı, 7 qadını diri-diri yandırıblar.
Ermənilər şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını da məhv ediblər.
Ağdaban kəndində törədilən faciə, əslində, bir günün hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
Ermənistan silahlı qüvvələrinin əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini məhv etmək niyyəti ilə törədilmiş silsilə qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyev olub. O, Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.