Rusiya Elmlər Akademiyasının Geofizika Mərkəzi və Rusiyanın Xalqlar Dostluğu Universitetinin alimlərinin türk tədqiqatçıları ilə birgə kəşf etdikləri təbii anomaliya dağıdıcı zəlzələlərin proqnozlaşdırılmasında kömək edə bilər.
Bu, faktiki olaraq, güclü yeraltı təkanlar haqqında öncədən xəbər verilməsi anlamına gəlir.
QİA.AZ science.gov.az-a istinadla xəbər verir ki, alimlər alqoritmlərin köməyi ilə Türkiyənin Şərqi Anadolu seysmoaktiv bölgəsinin ərazisində on üç il ərzində toplanmış Yer səthinin hərəkət və deformasiyalarının animasiyasını qurublar.
Bu şəkillərdə aydın görünüb ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlər seriyasına qədər bir il əvvəl yer qabığının yerdəyişmələri uzun müddət qeyri-adi kiçiklikdə qalıb. Başqa sözlə, burada maksimal gərginlik toplanıb və nəticədə çox güclü təkanlara səbəb olub.
“Yer qabığının deformasiyalarının və hərəkət anomaliyalarının aşkara çıxarılması təhlükəli ərazilərin yerləşməsini dəqiqləşdirməyə imkan verir. Lakin yeraltı təkanların vaxtını qiymətləndirmək üçün əvvəlki güclü zəlzələlər haqqında peyk məlumatlarının böyük bazasını öyrənirik və tektonik lövhələrin yerdəyişmələrinin anomaliyalarında qanunauyğunluqları axtarırıq. Bunları müəyyən etməklə süni intellektə zəlzələnin proqnozunu verməyi öyrətmək olar”, – deyə Xalqlar Dostluğu Universitetinin əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Pyotr Dokunin bildirib.
Tədqiqatçı əlavə edib ki, GPS/QLONASS peyk sistemlərinin köməyi ilə Türkiyədə bu yaxınlarda baş vermiş zəlzələdən əvvəl həmin ərazidə yer qabığının yerdəyişməsini tədqiq ediblər.
O, vurğulayıb ki, qabaqcadan maksimal yüksək dəqiqliklə gələcək təkanların yerini müəyyən etmək son dərəcə əhəmiyyətlidir. Bu, təhlükəli bölgələrdə qabaqlayıcı tədbirlər görməyə, binaların və tikintilərin qəza vəziyyətini qiymətləndirməyə imkan verir. Həmçinin daşına bilən elektrogeneratorları, qidalanma və içməli su ehtiyatlarını, müvəqqəti yaşayış üçün mobil şəhərcikləri və s. öncədən hazır vəziyyətdə saxlamağa şərait yaradır.