Türkiyədə zəlzələ bölgələrinə ezam olunan AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mütəxəssislər qrupu zəlzələlərin episentrində yerləşən Kahrmanmaraş şəhərinin Pazarcıq qəsəbəsində tədqiqatları davam etdirirlər.
Mərkəzdən QİA.AZ-a verilən məlumata görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin rəhbərliyi altında ərazidə maqnitometrik, qravimetrik və mühəndis seysmik tədqiqatlar aparılır.
Qeyd olunub ki, hazırda həmin ərazidəki binalarda yaşayış yoxdur. RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən ediləcək. Həmçinin gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək, ərazinin seysmikliyi qiymətləndiriləcək. Aparılan tədqiqatlar başa çatdıqdan sonra alınmış nəticələr analiz edilərək, Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentinə təqdim olunacaq.