Türkiyənin ilk yerli müşahidə peyki olan İMECE kosmosa buraxılıb.
QİA.AZ “TRTHABER”-ə istinadla xəbər verir ki, ilk yerli və milli müşahidə peyki olan İMECE ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından saat 09:47-də uğurla kosmosa buraxılıb.
680 kilometr yüksəklikdə günəşlə sinxronlaşdırılmış orbitdə yerləşəcək İMECE, 5 illik missiyası müddətində hədəfin müəyyən edilməsi, aşkarlanması, təbii fəlakətlər, kənd təsərrüfatı tətbiqləri kimi bir çox sahədə ölkəyə xidmət göstərəcək. Peyk dünyanın istənilən yerindən görüntülər əldə edə biləcək.
Milli qaynaqlarla hazırlanmış yerli müşahidə peyki İMECE, BİLSAT, RASAT və Göktürk-2 peyklərindən əldə edilən təcrübə ilə təchiz edilib. Türkiyədə ilk dəfə istehsal olunan, metr altı ayırdetmə qabiliyyətinə malik elektro-optik peyk kamerası TÜBİTAK UZAY tərəfindən hazırlanıb və İMECE-yə inteqrasiya edilib. Texnoloji cəhətdən kritik olan bu kamera sayəsində Türkiyənin yüksək keyfiyyətli peyk görüntülərinə olan ehtiyacı yerli imkanlarla qarşılanacaq.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar peykin imkanlarından hərbi ehtiyaclar üçün fəal şəkildə istifadə edilməsinin planlaşdırıldığını da qeyd edib. Onun sözlərinə görə, yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirlərinin istifadəsi sayəsində kəşfiyyat və döyüş nəzarəti tapşırıqlarının həlli imkanları artacaq.