Deputat:Azərbaycanın ədalətli mövqeyi diplomatik uğurlarımızda aydın ifadəsini tapır

“Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə sayca beşinci görüşü bölgədə sülhün təmin olunması istiqamətində növbəti addım oldu. Brüssel formatının yenidən bərpa olunması tərəflərdə böyük məmnunluq hissi yaratdı”.

QİA.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın tarixi zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etməsi və buna nail olmaq üçün səylər göstərməsi bu gün də əksər dünya gücləri tərəfindən dəstəklənir, bunun üçün əllərindən gələni edəcəklərini bildirirlər: “Bu, Brüssel görüşü ilə bağlı açıqlamalarda, verilən bəyanatlarda da özünün aydın ifadəsini tapır. Belə ki, ABŞ Dövlət Departamenti sözügedən üçtərəfli görüşü irəliyə doğru addım kimi dəyərləndirir. Eyni zamanda, bu məqam da qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh mümkündür.

Azərbaycan atdığı real addımları ilə Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olduğunu təsdiqləyir. Qarşı tərəfin keçirilən görüşlər zamanı və ondan sonra tamamilə fərqli yanaşma nümayş etdirməsi sülh müqaviləsinin imzalanması prosesini uzadır. Azərbaycan Xarici İşlər Nazirliyinin Brüssel görüşü ilə bağlı bəyanatında da bu mühüm məqam yer alır ki, Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırıldı. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır.”

Deputat qeyd edib ki, münasibətlərin normallaşdırılması istiqamətində keçirilən hər bir görüş hədəfə nail olmaq üçün mühüm addımdır: “Azərbaycan 30 illik işğal dövründə də sülh siyasətinə üstünlük verdiyini hər zaman atdığı addımları ilə təsdiqlədi. Ermənistana göstərilən dəstəklər onun yeni ərazilər uğrunda müharibə planlarına gətirib çıxardı ki, bu da öz növbəsində 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu. Hər zaman qeyd edildiyi kimi, işğalçı dövlətə beynəlxalq hüquqa zidd əməllərinə görə zamanında sanksiyalar tətbiq edilsəydi münaqişə çoxdan sülh danışıqları əsasında öz həllini tapardı. Bəzi güclər postmünaqişə dövründə də eyni yanaşmaları ilə diqqətdədirlər. Bəyanatda sülh müqaviləsinin imzalanmasına tərəfdar olduqlarını bildirir, reallıqda isə bu prosesin uzanmasında Ermənistana dəstək göstərirlər.”

Malik Həsənov bildirib ki, sülh müqaviləsinin imzalanması daha çox Ermənistana lazımdır: “Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması Ermənistanı yaşadığı iqtisadi böhrandan xilas edər. Azərbaycan sülh təklifini edərkən bu bəyanatı da səsləndirmişdir ki, uzun müddət masa üzərində qalmayacaq. Bu addım Ermənistan üçün son şansdır. Brüssel görüşünü səmimi, açıq və nəticəyönümlü hesab edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirdi ki, bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.”

Millət vəkili onu da əlavə edib ki, burada söhbət, əlbəttə, Ermənistanın real addımlar atmasından gedir: “Sülh müqaviləsinin imzalanması təklifindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq qarşı tərəf hələ də gözləmə mövqeyində dayanmaqdadır. Keçirilən hər bir görüş və əldə edilən nəticələr Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi, diplomatik uğurlarının  davamıdır.”

Malik Həsənov tarixi zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq aləmdə artan mövqeyinə də diqqəti yönəldib: “Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Şuşadan müraciətində bu reallıqları əsaslı şəkildə diqqətə çatdırdı. Hazırdan azad Qarabağ və azad Şərqi Zəngəzur dirçəliş dövrünü uğurla davam etdirir. Üç ildir ki, torpaqlarımızın işğal deyil, Zəfər tarixlərini qeyd etməkdən qürurluyuq. 18 may 1992-ci il tariximizə Laçın rayonunun işğal günü kimi yazılsa da artıq bu tarixi 1 dekabr 2020-ci il Zəfər günü əvəzləyir. Böyük Qayıdış proqramı uğurla icra edilir.   Bu il laçınlılar Laçına qayıdacaqlar. Dövlət başçısı İlham Əliyev bildirir ki, bir müddət bundan əvvəl keçmiş köçkünlərin bu ilin sonuna qədər Laçın şəhərinə qaytarılacağını demişdim. Bu gün tam əminliklə deyə bilərəm ki, yay aylarında artıq buna nail olacağıq.”

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır və yüksək səviyyədə nail olur.

Oxşar Xəbərlər