“Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ulu Öndər ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartları səviyyəsində qurulması işini daim diqqətdə saxlamışdır.
QİA.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına ünvanladığı məktubda qeyd olunub.
Məktubda vurğulanıb ki, Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaratmışdır. Nüfuzlu kardioloji mərkəzlərdə gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda yeni nəsil həkimlərimizin fəaliyyəti sayəsində uğurla keçirilməsi qürur hissi doğurur.
“Ənənəvi “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus rolu vardır. Bu sahə ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə dünyanın mötəbər tibb qurumlarını təmsil edən görkəmli kardioloq alim və cərrahların iştirakı Konqresinizin qazandığı yüksək etimadın göstəricisidir. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual məsələlərinin həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.
Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu Konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksəkixtisaslı kadr hazırlığına, kardiologiyanın, ürək-damar cərrahiyyəsinin və ümumilikdə tibb elminin inkişafına töhfələr verəcəkdir”, – deyə Prezident İlham Əliyevin məktubunda bildirilib.