İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.
Bu barədə QİA.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.