Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov qarşıdakı planları barədə danışıb.
Bu barədə “QİA.AZ” Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, idmançı tezliklə mobil rabitədə sahəsində şəxsi operator işinə başlamaq niyyətindədir. Bu mobil xidmət “Eagle Mobile” adlanacaq.
Həbib qeyd edib ki, mobil xidmət ilk olaraq Moskva və Moskvaətrafı ərazilərdə reallaşacaq. Əgər işlər müvəffəqiyyətlə getssə, onda Nurməhəmmədov şirkətinin fəaliyyətinin miqyasını artırmağı nəzərdə tutur.
Keçmiş döyüşçü bununla yanaşı, nəhayət ali təhsil almaq niyyətinə köklənib. Həbib Q.V Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsidir, qiyabi təhsil alır. O, 2021-ci ildə diplom işini müdafiə etməlidir. Nurməhəmmədov bundan sonra magistraturaya daxil olmaq, həmçinin aktiv şəkildə kənd təsərrüfatı ilə məşğul olmaq imkanlarını nəzərdən keçirir.
“Təhsilə daha çox vaxt ayırmaq istəyirəm. Mən qoyunlar aldım, kənd təsərrüfatı ilə məşğul oluram, fəaliyyətimi bir qədər bu istiqamətdə inkişaf etmək istərdim. Kökəldilmədə öküzlərim, inəklərim var”, – idmançı deyib.
Oktyabrın 25-də Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib. O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib. “Mən dağ kəndindən adi oğlanam. Qardaşım dedi ki, “Google” mənim planetdə ən çox müzakirə edilən insan olduğumu deyir. Mən inanmadım. Sadəcə atamla birlikdə çempion olmaq istəyirdim. Hər şeyin belə çiyinlərimə düşəcəyini düşünmürdüm.
Əgər valideynləriniz varsa, onların yanında olun, vəssalam, mənim bir valideynim qaldı – bu, anamdır, istərdim ona daha çox vaxt ayırım”, – Həbib Nurməhəmmədov əlavə edib.
“Bu mənim son döyüşüm idi. UFC-dən Castinlə bağlı zəng edəndə anamla 3 gün söhbət etdim. O, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ancaq mən söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi”, – Nurməhəmmədov deyib.