Əsl qəhrəmanlıq dastanının yazıldığı o gün qardaş Türkiyə xalqının Sizə (Prezident Rəcəb Tayyib Ərdoğan-red.) olan hədsiz inam və etimadın aşkar təzahürü olaraq ətrafınızda sıx birləşməsi, Sizin çağırışınıza dərhal cavab verməsi xain niyyətlərin qarşısına aşılmaz sipər çəkərək ölkənizi böyük faciələrdən xilas etdi.
QİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd edən Vətən xainlərini birmənalı şəkildə pisləmişdi: “Biz bu hadisələrdən daha da güclənərək çıxmış Türkiyə xalqının zəfərini öz zəfərimiz, sevincini öz sevincimiz, hüznünü öz hüznümüz olaraq paylaşdıq və bir millət, iki dövlət olduğumuzu bir daha əyani şəkildə sübut etdik”.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərməğan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.